22 Dekabr 2024, Bazar

Türkiyənin Ərzurum şəhərində keçirilən təlim-məşq toplanışında “Araz-Naxçıvan” futbol komandasının yeni mövsümə necə hazır­laşdığı və futbolçuların oyun texnikasının hansı vəziyyətdə olduğunu komandanın baş məşqçisi Əsgər Abdullayevlə söhbətimizdə yaxından öyrəndik:
– Ötən mövsüm çempion olan “Araz-Naxçıvan” yeni mövsümə iddialı hazırlaşır. Baş məşqçi kimi komandanın hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
– Futbolçulara hər zaman deyirəm ki, siz Naxçıvan futbolunda yeni səhifə açdınız və bu uğuru davam etdirməlisiniz. Yaradılan şərait bu gün bizə bunu diktə edir.
Heyətimizdə yeni futbolçular var və onların komandaya adaptasiya olunmaları üçün Ərzurumda keçirdiyimiz təlim-məşq toplanışı uğurlu alındı. Premyer-Liqada komandalar daha çox hücum futbolu oynayır və sürətli oyuna üstünlük verirlər. Düşünürəm ki, əsas hücum elə müdafiədən başlayır. Müdafiə xəttimiz güclü olduğu təqdirdə hücumda inamla istəkli oyun sərgiləyə biləcəyik. Hazırda komandanın fiziki vəziyyəti qaydasındadır və oyunlarda hansı taktika ilə oynayacağımız üzərində məşqlərə başlamışıq. Muxtar respublika azarkeşləri yeni mövsümdə fərqli “Araz-Naxçıvan” izləyəcəklər.

– İlk turda komandamız “Neftçi” futbol komandası ilə qarşılaşacaq. Rəqibin Avropa Liqasında uğurlu çıxışı və sürətli futbolu, yəqin ki, sizi çəkindirmir...
– Biz “Araz-Naxçıvan” olaraq bütün rəqiblərimizə hörmətlə yanaşırıq və onların oyunlarını izləyərək təhlil edirik. Lakin hər komanda hər oyuna fərqli heyət və fərqli taktika ilə çıxa bilər. Futbolçulara meydana çıxıb sonadək mübarizə aparmalarını, “döyüşmələrini” tapşırmışam. Rəqibə hörmət etməyimiz bizim onlardan çəkinməyimiz anlamına gəlməməlidir.
– “Araz-Naxçıvan”ı Premyer-Liqanın debütantı olaraq autsayder kimi qiymətləndirirlər. Ərzurumda keçirilən yoldaşlıq oyunlarından sonra komandanı çempionata hazır hesab edirsinizmi?
– Əlbəttə. Təlim-məşq toplanışının birinci mərhələsini Şərurda keçirdik və əsas olaraq fiziki məşqlərə üstünlük verdik. Günün ikinci yarısındakı məşqlərdə isə futbolçuları daha çox toplu məşqlərlə çalışdırdıq. Yeganə məsələ heyəti müəyyənləşdirmək idi ki, onu da keçirilən yoldaşlıq oyunlarında həll etdik.
– Belə çıxır ki, artıq ilk matç üçün heyəti müəyyənləşdirmisiniz...
– Premyer-Liqa I diviziondan çox fərqli olduğu üçün daim dəyişik heyətdən yararlanmaq lazımdır. Çempionatda çıxış edən komandaların oyun tərzləri bir-birlərinə bənzəməyəcək. Odur ki, keçirdiyimiz yoldaşlıq oyunlarında futbolçuları 5-6 taktiki sxem üzrə yoxladım. Eyni zamanda heyətləri dəyişik olaraq meydana buraxdım. Bu, yoxlama görüşləridir: qalib gəlmək və ya məğlub olmaq heç nəyi dəyişmir. Əslində, məğlub olmaq komandanı ayıldır, hansı mövqelərin zəif olduğu sezilir və bunlar üzərində çalışılır. Çempionatın başlanmasına bir həftə vaxt qalır və bu müddət ərzində müəyyən boşluqları doldurmağa çalışacağıq. Heyəti artıq beynimdə müəyyənləşdirsəm də, matçın başlanmasına bir saat qalmış bunu dəyişdirə də bilərəm.
– Sizcə, qarşıdakı mövsümdə “Araz-Naxçıvan” futbol komandası Azərbaycan futbolunda hansı yenilikləri ilə yadda qalacaq?
– İlk olaraq Naxçıvan futbolu Premyer-Liqaya rəng qatacaq. Çünki regionlarda futbolun olması Azərbaycan futbolunun inkişafı deməkdir. Muxtar respublikada bu idman növünün inkişafı üçün hər bir şərait yaradılıb. Bu şəraitin bəhrəsi kimi ötən mövsüm komandamız çempion oldu. Qarşıdakı mövsümdə azarkeşlər fərqli “Araz-Naxçıvan” izləyəcəklər. Futbolçulara güvənirəm və onların Premyer-Liqada mükəmməl oyun sərgiləyəcəklərinə inanıram.
Qeyd edək ki, “Araz-Naxçıvan” Ərzurumda keçirdiyi təlim-məşq toplanışını iyulun 30-da başa vuraraq Naxçıvana qayıdıb və məşqlərini muxtar respublika stadionunda davam etdirir. Komandamız Premyer-Liqada ilk matçını avqustun 10-da doğma arenada “Neftçi” futbol komandasına qarşı keçirəcək.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR