Son 19 il Naxçıvan Muxtar Respublikasının idman tarixində mühüm mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində idmanın maddi-texniki bazası gücləndirilmiş, idman qurğuları və obyektləri tikilib idmançıların ixtiyarına verilmişdir. Bu dövrdə ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılmışdır. İdman federasiyaları fəaliyyətlərini gündən-günə genişləndirməkdədirlər. Bəs yay fəslində federasiyalar xüsusi təlim-məşq keçirməyi nəzərdə tutublarmı? Sualı federasiyaların sədr müavinləri belə cavablandırdılar.
Şahmatçılarımız Gürcüstan və Yunanıstanda keçirilən yarışlarda uğurla çıxış etmək üçün təlim-məşq prosesi keçiblər. Federasiyanın sədr müavini Emin Hacıyev bizimlə söhbətində bildirdi ki, şahmatçılarımız may ayında Gürcüstan Respublikasında keçirilən turnirdə iştirak ediblər. Həmçinin 16-27 iyun tarixlərində Yunanıstanda daha bir turnirdə zəka sahiblərimiz qüvvələrini sınayıblar. Bu səbəbdən təlim-məşq prosesinə ara vermədən davam etmişik.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası da hazırlıqlarına ara vermədən davam edir. İyun ayında onlar Rusiya Federasiyasında keçirilən turnirdə iştirak ediblər. Federasiyanın sədr müavini Nəriman Quliyev bizimlə söhbətində təlim-məşq barədə bunları dedi: “Mayın sonlarından etibarən idmançılarımızla təlim-məşqlərə başlamışıq. Rusiyanın Çebaksar şəhərində 13-15 iyun tarixlərində karate-do üzrə Avropa çempionatı keçirildi. Bu yarışa və qarşıdakı digər turnirlərə hazırlıq məqsədilə federasiya idmançılar üçün təlim-məşq toplanışları təşkil etdi”.
Şərq Döyüşü Sənəti Federasiyası təlim-məşq toplanışı ilə yanaşı, Bakıdan ixtisaslı mütəxəssislər də dəvət edəcək. Federasiyanın sədr müavini Cavanşir Salayev bildirdi ki, hər ay mütəmadi olaraq məşqlər davam edir və il ərzində bir neçə dəfə Bakıdan ixtisaslı idmançılar dəvət olunurlar. İyun ayında Naxçıvan Muxtar Respublikasında idmançılarımız üçün seminar da təşkil olunub. Bizim əsas məqsədimiz bu idman növünə olan marağı artırmaqdır. Son vaxtlar mütəxəssislər Naxçıvana dəvət edilir və onlar bu idman növü ilə məşğul olmaq istəyənlərin püxtələşməsində müstəsna rol oynayırlar.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası təlim-məşq toplanışına iyun ayının ortalarında başlayıb. Federasiyanın sədr müavini Məmmədcəfər Əliyev bildirdi ki, qarşıdakı günlərdə muxtar respublikada bir neçə turnir keçiriləcək. Bu turnirlərdən öncə boksçular bir araya toplanır və ümumi halda təlim-məşq toplanışı keçirilir. İyul ayında da toplanış keçirməyi nəzərdə tutmuşuq.
Güləş Federasiyası hər hansı xüsusi təlim-məşq toplanışı keçirməyi nəzərdə tutmayıb. Buna səbəb isə güləşçilərin məşqlərə ara verməməsidir. Federasiyanın sədr müavini Yaşar Əliyevin dediklərindən: “Xüsusi bir təlim-məşq toplanışı olmayacaq. Çünki idmançılarımız daim məşq keçirlər və buna ara vermirlər. Adətən, yarışlardan öncə təlim-məşq toplanışı keçiririk”.
Naxçıvan Muxtar Respublikasının voleybol komandası isə hər yarış öncəsi təlim-məşq prosesi keçir. Bu barədə federasiyanın sədr müavini Aydın Mirzəyev məlumat verib.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası da yay aylarını boşa verməyəcək. Federasiya bu ay basketbolçuları bir araya toplayacaq. Bunu bizimlə söhbətində federasiyanın sədr müavini Ənvər Məmmədov dedi: “Qarşıdakı aylarda turnirlərdə iştirak edəcəyimiz üçün iyul ayında təlim-məşq toplanışı keçirəcəyik. Həmin məşqlərə təkcə Naxçıvan şəhərində olan basketbolçular deyil, rayon komandalarında oynayan idmançılar da dəvət ediləcəklər”.
Yüngül Atletika Federasiyasının planında xüsusi təlim-məşq toplanışı yoxdur. Federasiyanın sədr müavini İntiqam Rəhimov bildirdi ki, hər hansı xüsusi təlim-məşq prosesi nəzərdə tutulmayıb. Lakin yay aylarında plana uyğun olaraq yarışlar təşkil olunacaq. Məqsəd isə istedadlı gəncləri üzə çıxarmaq, onlara olan diqqəti artırmaqdır.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədr müavini Fərhad Əliyev qurumun görəcəyi işlərdən danışdı: “Məlum olduğu kimi, Atıcılıq Mərkəzində idmançılar daim məşq edirlər, burada yarışlar, turnirlər keçirilir. İyul ayında da bu cür yarışların keçiriləcəyi gözlənilir. Həmin turnirlərdə uğur qazanan idmançılar daim diqqətdə saxlanılır və onların məşqlərdə mütəmadi iştirakı təmin olunur”.
Hava və Ekstremal İdman Növləri Federasiyasının da iş planında təlim-məşq toplanışı var. Federasiyanın sədr müavini Azər Məmmədov qeyd etdi ki, keçirdiyimiz turnirlər, adətən, rayonlarda təşkil olunur. Keçirəcəyimiz yarışlardan sonra təlim-məşq toplanışı nəzərdə tutulur. Bu, iyul ayına təsadüf edəcək”.
Ceyhun MƏMMƏDOV