22 Dekabr 2024, Bazar

Topaz Premyer-Liqasına qələbə ilə başlayan “Araz-Naxçıvan” futbol komandası 2-ci turda “Qəbələ” futbol komandasının qonağı oldu. Çempionata öz oyun tərzi ilə rəng qatan muxtar respublika təmsilçisi bu matçda da sərgilədiyi futbolla hamının diqqətini üzərinə cəlb etməyi bacardı. Lakin komandamız ələ düşən imkanlardan yararlana bilmədi və hakimin müəmmalı penalti qərarı nəticəsində meydanı məğlub tərk etdi.

 Qəbələyə yollanarkən “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev oyunun çətin keçəcəyini, ancaq yetirmələrinin bu görüşə hazır olduqlarını bildirmişdi. Əslində, oyunun gedişatı da göstərdi ki, “Araz-Naxçıvan” futbolçuları “ev” və ya səfər matçlarında rəqibdən çəkinmir və fərqli oyuna üstünlük verirlər. Məhz “Qəbələ” ilə görüşdə bu, özünü açıq şəkildə büruzə verdi. Daha çox hücum futbolu oynayan komandamızın heyətində xüsusilə cinah yarımmüdafiəçiləri diqqəti daha çox cəlb edirdilər. Baş məşqçi kapitan sarğısını həvalə etdiyi Kamal Bayramova qapıda güvənməklə bir daha səhv addım atmadığını göstərmiş oldu. Müdafiə xəttində Ruslan-Azər-Ruslan-Emin dördlüsü rəqibin sürətli hücumlarının qarşısını almaqda heç də çətinlik çəkmədilər. Mərkəz xəttində topların “paylanmasına” nəzarət edən Tərlan Xəlil­ova Ramal Hüseyn­ov və Budaq Nəsirov yardımçı olurdular. Hücum xəttində isə David Canıyevlə yanaşı, Bəxtiyar Soltanov və Elmin Çoban­ovun reydləri rəqib müdafiəçilər üçün əsl başağrısı olmuşdu. 

 Rəqibə gəlincə qeyd edək ki, “Qəbələ” futbol komandası – ötən mövsüm Premyer-Liqanın bürünc mükafatçısı, eyni zamanda Azərbaycan Kubokunun finalçısı heyətini legioner futbolçularla gücləndirmişdi. Daha çox atletik futbol oynayan və cinahlardan istifadə edən “Qəbələ”nin standart vəziyyətlərdəki təhlükəli oyununu komandamızın baş məşqçisi Ə.Abdullayev öncədən sezmişdi.

Oyun “Araz-Naxçıvan” üçün yaxşı başladı. Topa nəzarəti öz əlinə keçirən muxtar respublika təmsilçisi 12-ci dəqiqədə rəqib azarkeşləri susdura bilərdi. Sağ cinahdan başlanan sürətli hücumu Bəxtiyar Soltanov davam etdirdi və o, cərimə meydançasında qərarlaşan Davidə ideal ötürmə verdi. Sonuncunun bir qədər qeyri-dəqiqliyi hesabın açılmasına imkan vermədi. Buna cavab olaraq “Qəbələ” cərimə zərbəsindən qapımız önündə təhlükəli vəziyyət yaratdı. Lakin Kamal Bayramovun mükəmməl reaksiyası topun qapı xəttindən keçməsinə imkan vermədi. Matçın 19-cü dəqiqəsində isə hakimin müəmmalı qərarı hamını təəccübləndirdi. Belə ki, qapımız önünə edilən asmadan sonra rəqib futbolçular hava mübarizəsində Ramal Hüseynova qarşı kobud oynasalar da, referi ələ dəyməyən topu penalti qərarı ilə nəticələndirdi. Etirazlara baxmayaraq, oyunun hakimi Rəhim Həsənovun qərarı dəyişməz oldu və o, 11 metrlik ağ nöqtəni göstərdi. Topa yaxınlaşan Cavid Hüseynov cari mövsümdə “Qəbələ”nin ilk qoluna imza atdı.
İkinci hissə, demək olar ki, “Araz-Naxçıvan”ın ərazi üstünlüyü ilə keçdi. Xüsusilə cinahlardan başlayan hücumlar rəqib qapıçısına həyəcanlı anlar yaşadırdı. Epizodların birində Davidin başla zərbəsini qapıçı son anda ram edə bildi. Ardınca meydana sonradan daxil olan Eşqin Quliyev və Qərib İbrahim­ovun uzaqdan zərbələrində bir qədər dəqiqlik çatmadı. Rəqibin hücumları zamanı isə qapıçımızın qurtarışları və komandamızın yaratdığı təhlükəli vəziyyətlər qolla yekunlaşmayınca tablodakı hesab dəyişmədi.
Bununla, “Araz-Naxçıvan” futbol komandası cari mövsümdə ilk məğlubiyyəti ilə üzləşdi. Buna baxmayaraq, komandamız turnir cədvəlindəki mövqeyini itirmədi və 3-cü pillədəki yerini qorudu.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR