22 Dekabr 2024, Bazar

İstər olimpiya, istərsə də qeyri-olimpiya növü olmasından asılı olmayaraq, bütün idman növlərinin inkişafına Naxçıvan Muxtar Respublikasında böyük diqqət göstərilir. Uşaqların, yeniyetmə və gənclərin sağlam həyat tərzində yaşamaları, onların idmanla məşğul olmaları üçün muxtar respublikada hər cür şərait yaradılıb. Hazırda fəaliyyət göstərən idman federasiyaları gənclərin sağlam həyata inteqrasiyası üçün bir çox işlər görürlər. Bu federasiyalardan biri də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasıdır. 2014-cü ilin ötən dövründə federasiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün qurumun sədr müavini Nəriman Quliyevlə söhbətləşdik.

Beynəlxalq turnirlərdə qazanılan medallar

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev ilk olaraq muxtar respublikada bu idman növünə olan maraqdan danışdı: “Karate-do Federasiyası 2002-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində idmançılarımız bir çox beynəlxalq turnirlərdə çıxış edib, mükafatlar qazanıblar. Hal-hazırda muxtar respublikada 500-dən çox uşaq, yeniyetmə və gənc karate ilə məşğul olur. Federasiyanın nəzdində iki klubumuz fəaliyyət göstərir. Bunlardan biri “İlğım” karate idman klubu, digəri isə “Budokan” karate idman klubudur. Bununla yanaşı, muxtar respublikanın bütün rayonlarında karate məktəbləri var və bu idman növünə olan maraq gündən-günə artmaqdadır”.

N.Quliyev 2014-cü ilin ötən dövründə federasiyanın fəaliyyətindən danışdı. O bildirdi ki, bu dövrdə federasiya bir çox turnirlər təşkil edib, idmançılarımız beynəlxalq yarışlarda öz qüvvələrini sınayıblar. 16-17 fevral tarixlərində muxtar respublika idmançıları Milli Karate Federasiyasının təşkil etdiyi Azərbaycan çempionatında iştirak edib və müxtəlif yaş qruplarında 4 qızıl, 2 gümüş medal qazanıblar. Bundan əlavə, 7-8 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş Karate-do üzrə Naxçıvan Muxtar Respublikası açıq birinciliyi keçirilib. Bu turnirdə muxtar respublikanın və Bakı şəhərinin 4 komandasının, ümumilikdə, 300-dən çox idmançısı qüvvəsini sınayıb. İdmançılarımız Gürcüstanın Poti şəhərində keçirilən 20-ci beynəlxalq turnirdə çıxış edib və hər 3 idmançımız 2 qızıl, 1 gümüş medal qazanmaqla mükafatçılar sırasına düşüb. Bundan başqa, 19-20 iyul tarixlərində keçirilən karate-do üzrə Regionlararası Azərbaycan Çempionatında iştirak edən 4 idmançımız Naxçıvana 5 medalla qayıdıb.

Qızların karate-do idman növünə marağı artır

Bu idman növünə marağın gündən-günə artdığını vurğulayan federasiyanın sədr müavini idmançıların hər gün məşq prosesi keçdiyini bildirdi: “Federasiya mütəmadi olaraq idmançılarla yaxından maraqlanır. İştirak edəcəyimiz yarışlardan, turnirlərdən öncə məşqlərin sayını artırırıq. Təbii ki, belə olan zaman karateçilərin fiziki vəziyyəti də normal olur. Naxçıvanda hazırda iki qrupumuz fəaliyyət göstərir. İdmançılar gün ərzində iki dəfə məşq prosesində iştirak edirlər. Səhər saatlarında daha çox uzun müddət bu idman növü ilə məşğul olanların məşq prosesi olur. Axşamlar isə karatenin sirlərini yeni öyrənənlər məşq edirlər”.
N.Quliyev qızların bu idman növünə olan marağı barədə bunları dedi: “Qızlarımızın bu idman növünə marağı çoxdur. Bizə bununla bağlı bir çox müraciətlər olub və biz onları məşqlərə cəlb etmişik. Hazırda qruplarımızda 10-dan çox qız bu idman növü ilə məşğul olur. Zamanla bu sayın artacağına inanırıq. Çünki keçirilən turnirlərdə tamaşaçılar arasında qızların çoxluq təşkil etdiyi diqqətdən yayınmır”.
“Bəs uşaqlar hansı yaş dövründən sonra bu idman növü ilə məşğul ola bilərlər?” sualına Nəriman Quliyevin cavabı belə oldu: “Çalışırıq ki, uşaqlar daha erkən yaşlardan bu idman növünə maraq göstərsinlər. Bizim qruplarda istənilən yaşda olan uşaqlar var. Ancaq 7-10 yaş aralığında bu idmana gəlmək daha məqsədəuyğundur”.
Sonda Nəriman Quliyev yaradılan şəraitə, göstərilən qayğıya görə muxtar respublika rəhbərinə idmançılar adından minnətdarlığını bildirdi: “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hər bir federasiyanın əsas məqsədi təmsil etdiyi idman növünün inkişafına çalışmaq və yüksək nailiyyətlər əldə etməkdir. İdmançılarımızın qazandığı uğur bizə göstərilən diqqətin, qayğının nəticəsidir”.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR