İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə oğlan və qızlar arasında üzgüçülük üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən birinciliyin açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmilə Mirzəyeva və kompleksin direktoru Ramin Talıbov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qızların mübarizəsində 12 idmançı çıxış edib. Üzgüçülüyün 25 metr məsafəyə sərbəst üsulu üzrə keçirilən yarışda Nərmin İsmayılova bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. İkinci və üçüncü yerlərin sahibi isə Arjin Doğan və Aysel Yusifzadə olub.
Oğlanlar isə üç yaş qrupunda mübarizə aparıblar. 1999-cu il təvəllüdlü üzgüçülərin yarışında Elşən Babayev, Nihad Quliyev və Rza Abdullayev müvafiq olaraq 1-ci, 2-ci, və 3-cü yerləri bölüşüblər. 2000-2001-ci il təvəllüdlü iştirakçılardan isə Ülvi Kazımlı, Elçin Əliyev və Vasif Rüstəmov bütün rəqiblərini geridə qoymağı bacarıblar. Sonda mübarizəyə 2002-2004-cü il təvəllüdlü üzgüçülər qoşulublar. Bu yaş qrupunda Timur Abdullayev, Həsən Abbasov və Məhəmməd Abbasquliyev müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olublar.
Sonda qaliblərə və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Ceyhun MƏMMƏDOV