Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş futzal üzrə muxtar respublika turniri keçirilib. Olimpiya sistemi üzrə keçirilən turnirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini Məcid Seyidov və federasiyanın sədr müavini Elçin Nəzərəliyev muxtar respublikada məhdud fiziki imkanlı insanlara olan diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıblar.
Turnirin reqlamentinə əsasən, 6 komanda – “Şərur”, “Şahbuz”, “Culfa”, “Ordubad”, “Kəngərli” və “Babək” komandaları olimpiya sistemi üzrə mübarizə aparıblar. Yarımfinala kimi bütün rəqiblərini məğlub edən şərurlular bu mərhələdə daha ciddi rəqiblə üzləşiblər. Lakin penalti zərbələrindən sonra culfalı həmkarlarını məğlub edən “Şərur” komandası finalda oynamaq hüququ qazanıb. Digər finalçı isə “Şahbuz” komandası olub. İlk mərhələdə “Ordubad”, ardınca “Kəngərli” komandalarını məğlub edən şahbuzlular həlledici qarşılaşmada “Şərur” komandası ilə üz-üzə gəliblər. Görüş heç-heçə başa çatdığından qalib penalti zərbələrindən sonra müəyyənləşib. Zərbələri daha səlis yerinə yetirən şərurlular yarışın qalibi olublar.
Bununla, 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş futzal üzrə muxtar respublika turnirində “Şərur” komandası 1-ci, “Şahbuz” komandası 2-ci, “Culfa” komandası isə 3-cü olub.
Sonda təşkilatçılar tərəfindən uğur qazanan komandalara diplom və hədiyyələr təqdim edilib.
Ceyhun MƏMMƏDOV