22 Dekabr 2024, Bazar

2015-ci ildə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda idmanın bütün sahələrinə diqqət artmaqdadır. Artıq respublikanın bütün şəhər və rayonlarında idman obyektləri, komplekslər gənc idmançıların ixtiyarındadır. Onlar isə, öz növbələrində, uğur qazanmaqla Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırır, himnimizi səsləndirirlər. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafına böyük qayğı göstərilir, gənc­lərin idmanın müxtəlif sahələrinə cəlb olunması diqqətdə saxlanılır. Məhz bunun nəticəsidir ki, idmanın bütün növləri artıq muxtar respublikada geniş yayılıb, yeniyetmə və gənclərin idmana axını isə gündən-günə artmaqdadır. Belə idman növlərindən biri də dünyada “qadın idmanı” adı ilə tanınan bədii gimnastikadır. Bu idman növü üzrə məşqlərə muxtar respublikada start verilib.

 Bədii gimnastikanın tarixi

“Gimnastika” termini e.ə., təxmi­nən, V əsrdə qədim Yunanıstanda təhsil, hərbi və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Hazırda gimnastika idmanın ən geniş yayılmış növlərindən biridir və onun 4 növü var:

1. İdman gimnastikası
2. Bədii gimnastika
3. Akrobatik gimnastika
4. Tamblinq

Aktyorluq, balet, musiqi və pantomim ilə birlikdə edilən bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü ildə Yay Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünəxas qaydaları və qiymətləndirmə sistemi var.
Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. 1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən I Ümumdünya Gimnastika Turnirində iştirak edərək Azərbaycanı dünya arenasında gimnastika üzrə ilk dəfə təmsil edən idmançı kimi tarixə düşüb.
Bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmayıb. Azərbaycan Gimnastika Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkədə gimnastika, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Məşqlərə start verilib

Dinamik inkişaf edən və həyatın bütün sahələrində daim uğur qazanan muxtar respublika idmanında artıq yeni səhifə açılıb. Elit idman növü kimi tanınan gimnastika məşqlərinə Naxçıvanda start verilib. Azərbaycanın idman ustası Humay Qafar­ovanın rəhbərliyi altında bədii gimnastika ilə 3-11 yaş arası qızlar məşğul olurlar. Məşqçi-müəllimlə söhbətimizə bu idman növünə Naxçıvanda olan maraqdan başladıq: “İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqlər üçün bizə yer ayrılıb. Hələ məşqlərdə iştirak edən uşaqların sayı bir qədər azdır. Artıq bu yaşda (3-11 yaş arası) olan qızlarımızı bədii gimnastikaya cəlb etmək üçün bağçalara, daha dəqiq desəm, uşaqların valideynlərinə müraciət etmişəm. Onların hamısı bu addımı yüksək qiymətləndirir. Hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 900-dan 1030-a və 1330-dan 1500-dək məşqlərimiz olur. Gimnastika elastiklik tələb etdiyindən bu növə uşaq vaxtlarından başlamaq lazımdır. Yəni 3-11 yaş arası qızlarımız məşğul ola bilərlər. Bizim məqsədimiz bu idman növünü muxtar respublikada geniş yaymaq və daha çox uşaq cəlb etməkdir. Bunun üçün artıq Gənclər və İdman Nazirliyi ilə birlikdə işlərə başlamışıq. İnanıram ki, qısa vaxt ərzində bədii gimnastika Naxçıvanda ən çox sevilən idman növü olacaq”.
Respublikanın idman ustası olan H.Qafarova sonda yaradılan şəraitə, göstərilən diqqətə görə minnətdarlığını bildirdi: “Muxtar respublika rəhbərinin idman sahəsinə diqqəti nəticəsində idman komplekslərinin tikilməsi gənclərin bu sahəyə axınını sürətləndirir. Qısa vaxt kəsiyində bədii gimnastikanın geniş yayılacağına inanıram”.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR