Müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün fiziki cəhətdən sağlam nəslə böyük ehtiyac var. Fiziki cəhətdən sağlam olmaqsa idman və bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaqla mümkündür. İdmanın hər yaşda faydalı olduğunu söyləyən mütəxəssislər qeyd edirlər ki, əsas amil idmanın faydalarını nəzərə almaqdır.
İdmanın sağlamlıq üçün şərtləri
Hansı yaşda olursa-olsun, idmanın insan üçün faydalı olduğunu bilirik. Ancaq idman edərkən yaş amilini və bədəndəki xəstəlik faktlarını, həmçinin idman növünün törədəcəyi bəzi riskləri nəzərə almalıyıq. Xüsusilə kişilərin daha iddialı olub, futbol kimi idman növünü seçdiklərinə diqqət etsək, görərik ki, bu idman növü üçün ürək problemi qaçılmazdır. İdman etməkdə məqsəd sağlamlığımızı qorumaqdır. Bunun üçün sağlamlığımıza zərər vurmayan idman növünü seçməliyik.
Nizamlı bir şəkildə edilən idmanın təsirini bir-üç ay ərzində görmək mümkündür, amma məşq etməyi buraxsanız, onun faydalı təsirləri qısa müddətdə itər. Peşəkar idmançı olsanız da, idmanı buraxdığınız zaman bu təsir yaşanar və keçmişdə edilən idman gələcək yaşda insan üçün o qədər də faydalı olmaz. Daha əvvəl heç idman etməyən insanlara ürək müalicəsindən keçdikdən sonra həftənin beş günü, ən azı yarım saat və ya həftədə 3 gün 1 saat olmaq şərtilə orta tempdə idman etmələri məsləhət görülür.
İdmana başlama yaşı, kimlərin idman edə biləcəyi, hansı idman növlərinin nə qədər müddətdə edilməsi lazım olduğu haqqında suallara mütəxəssislər aşağıdakı cavabları veriblər:
- sağlamlıq mövzusunda diqqətə çarpan bir şikayəti olmayan, müəyyən səviyyədə fəaliyyəti olan kəslər sadə səviyyədə (orta templi gediş kimi) bir idmana hər yaşda həkim nəzarəti olmadan başlaya bilər;
- tamamilə sağlam fərdlərin ciddi səviyyədə idman fəaliyyətinə başlamazdan əvvəl kardioloji müayinədən keçmələri məsləhətdir. Xüsusilə erkən yaşlarda problemə yol aça bilən və idman fəaliyyəti baxımından mütləq risk daşıyan bəzi xüsusi narahatlıqlar bu müayinə ilə aşkarlanır.
- ancaq həyatının əhəmiyyətli bir hissəsini hərəkətsiz keçirmiş, artıq çəkisi olan (bədənin kütlə indeksi 30-dan çox olanlar), siqaret çəkən, xolesterol yüksəkliyi olan, yəni ürək-damar xəstəliklərinin inkişafına yol aça biləcək risklərdən ən az birinə malik olan şəxslər məşq proqramına başlamazdan əvvəl mütləq kardioloji müayinədən keçməlidirlər.
Cavablandırılan suallar
İdman sahəsində bəzi müəmmalı məsələlər var ki, artıq buna da cavab tapılmışdır. Aparılan testlərdən sonra insanlar tərəfindən ən çox yönləndirilən 6 suala bu cür cavablar verilmişdir:
1.İdman edən şəxs neçə yaşında olmalıdır?
– 35 yaşdan yuxarı olan insanlar erkən inkişaf edən xəstəliklər səbəbindən daha diqqətli davranmalıdırlar.
2. İdman etmək istəyən insanın gündəlik fəaliyyəti necə olmalıdır?
– Gündəlik gediş məsafəsi, evdaxili fiziki fəaliyyət, iş yerindəki hərəkət səviyyəsi, məşqə ayırdığı həftəlik zaman kimi mövzuların araşdırılması lazımdır. Fəaliyyət səviyyəsi çox aşağı olan fərdlərdə başlanması düşünülən məşqin tempi də aşağı olmalıdır. Məşq resepti verilərkən sıxlığı, şiddəti və hər bir seansın müddəti də nəzərə alınmalıdır. Tempin birdən artırılmaması da diqqət yetirilməsi lazım olan məqamdır.
3. Gündəlik idman edərkən daha çox nəyə fikir verilməlidir?
– Məşqlə bağlı sinə ağrısı, anormal yorğunluq hissi, nəfəs darlığı və ürəkkeçmə kimi şikayətlərin olub-olmadığına baxılmalıdır.
4. Qadınların idmanla məşğul olmaları hansı yaş dövrü üçün daha uyğundur?
– 60 yaşdan öncə qadınlarda ürək-damar xəstəliyi, koronar arteriya xəstəliyinin inkişaf riski kişilərə görə daha aşağıdır. Qadınlarda ürək xəstəlikləri kişilərə nisbətən 10 il gec başlayır. 60 yaşa qədər olan qadınlarda məşqlə bağlı risklərin daha aşağı olduğu müəyyənləşmişdir.
5. 40-50 yaşından sonra idmana başlayan insan daha çox nələrə əməl etməlidir?
– Bu yaşlarda məşqin faydaları tədricən ortaya çıxar. Bədənin fiziki halının artımındakı diqqətçəkici bir səviyyəyə çatması üçün orta hesabla 1-3 aylıq bir müddət lazımdır. Hər yaşda insan idmandan faydalana bilər. Hər hansı bir yaşda idmana başlamaq üçün “gecikmişəm artıq” demək düzgün deyil.
6. Ürək ritminin düz olmaması, təzyiq, şəkər xəstəliyi, stent qoyulması idman etməyə mane ola bilərmi?
– Şəxsin ürək-damar problemi, diabet xəstəliyindən, hətta ürək çatışmazlığından əziyyət çəkməsi məşq etməsi üçün bir maneə deyil. Ancaq məşqin gücü, müddəti və sıxlığı xəstənin vəziyyətinə görə nizamlanmalıdır.
Ceyhun MƏMMƏDOV