22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri uğurlu çıxışlarını beynəlxalq turnirlərdə də davam etdirirlər. Ötən həftə Gürcüstanın Poti şəhərində keçirilən karate-do üzrə 20-ci beynəlxalq turnir Naxçıvan idmançıları üçün yaddaqalan olub. Buna kimi 24-29 iyun tarixlərində Bakıda təlim-məşq toplanışı keçən karateçilərimiz Azərbaycan millisinin heyətində qonşu ölkəyə yollanıblar. 5 ölkə və Gürcüstanın bütün regionlarının mübarizə apardığı turnirdə 250-dən çox idmançı çıxış edib.
14-15 yaşlıların 61 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz Abbas Qasımov keçirdiyi görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici qarşılaşmada onun rəqibi yerli idmançı olub. Maraqlısı odur ki, bu görüşü idarə edən hakimlərin ikisi gürcü, ikisi isə erməni olub. İdmançımızın yüksək səviyyədə döyüşməsinə baxmayaraq, hakimlər qələbəni yerli idmançıya veriblər. Bununla, A. Qasımov beynəlxalq turniri ikinci pillədə başa vurub. Bu yaş qrupunun 61+ kiloqram çəki dərəcəsində Mirpaşa Kərimov həmyerlisinin uğurunu təkrarlayıb. O, finala kimi yüksəlib və son qarşılaşmada rəqibini məğlub edərək turnirin qalibi adını qazanıb.
16-17 yaşlıların mübarizəsində də naxçıvanlı idmançının uğuru diqqətdən qaçmayıb. Belə ki, 84+ çəki dərəcəsində tatami üzərinə çıxan Mircavid Seyidov keçirdiyi 3 görüşün hamısında qələbə qazanaraq fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
İdmançılarımızın uğurları bununla kifayətlənməyib. Döyüşlərdən sonra hər bir idmançının nümunəvi çıxışları olub ki, Naxçıvan karateçiləri bu mərhələdə də öz bacarıqlarını göstəriblər və tamaşaçıların böyük alqışları ilə qarşılanıblar.

Sonda fərqlənən idmançılarımıza medal, diplom və kubok təqdim olunub.
Qeyd edək ki, bu turnirə Azərbaycan millisi 20 idmançı ilə yollanmışdı ki, onlardan üçü Naxçıvan Muxtar Respublikasını təmsil edirdi. Müqayisə üçün nəzərinizə çatdıraq ki, naxçıvanlı karateçilərin üçü də fərqləndiyi halda, millimizin digər 17 üzvündən yalnız üçü mükafatçılar sırasına düşüb.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR