Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş güləş üzrə yeniyetmələr arasında muxtar respublika turniri keçirilib.
Açılış mərasimində Dövlət himni səsləndirildikdən sonra çıxış edən gənclər və idman nazirinin müavini Məcid Seyidov, federasiyanın sədr müavini Yaşar Səfərov bu turnirin yeniyetmələr üçün nə qədər önəmli olduğunu vurğulayaraq idmançılara uğurlar arzulayıblar.
10 çəki dərəcəsində (42, 46, 50, 54, 58, 63, 69, 76, 84 və 100 kiloqram) keçirilən turnirdə müvafiq olaraq Bağır Zeynalov, Kamal Nəzərəliyev, Musa Həsənov, Ərkal Məmmədov, Əli Həsənov, Əli Haqverdiyev, Rauf Qurbanov, Əli Allahverdiyev, Bəylər Kərimov və Abdulla İsmayılov öz çəkilərində hamıdan güclü olduqlarını nümayiş etdiriblər.
Turnirin sonunda qalib olan güləşçilərə nazirlik və federasiya tərəfindən diplom və hədiyyələr verilib.
Ceyhun MƏMMƏDOV