Cari mövsümdən etibarən Topaz Premyer-Liqasında çıxış edən “Araz-Naxçıvan” futbol komandası növbəti turu məğlub başa vurub. Səfərdə “Sumqayıt”ın qonağı olan muxtar respublika təmsilçisinin 0:1 hesablı məğlubiyyətini hakimlərin də adına yazmaq olar. Oyuna iddialı hazırlaşan və ikinci hissəni, demək olar ki, rəqib qapısı önündə keçirən “Araz-Naxçıvan” bu turda da hakimin qərəzli qərarları ilə üzləşdi.
İkinci tur Qəbələdə keçirilən matçda hakim Rəhim Həsənovun 19-cu dəqiqədə qayda pozuntusu olmadığı halda komandamızın qapısına penalti təyin etməsi komandanın xal itkisi ilə nəticələnmişdi. Komandamız buna etirazını bildirmədiyi halda, növbəti dəfə yenə referilərin səhvlərinə görə meydanı məğlub tərk etdi. Matçın gedişinə gəlincə, ilk 20 dəqiqədə meydan sahibləri qırmızı-ağların qapısı önündə təhlükəli anlar yaratdılar ki, bu epizodların biri qolla nəticələndi. 22-ci dəqiqədə sağ cinahdan sürətli hücumu Kiyan Sultanpur məntiqi sonluqla yekunlaşdırdı. Qol sanki futbolçularımızı daha təmkinli, sürətli və dəqiq oynamağa vadar etdi. Birinci hissənin ilk yarım saatında “Araz-Naxçıvan” Bəxtiyar Soltanovla bərabərliyi təmin edə bilərdi. Ancaq bir qədər qeyri-dəqiqlik buna imkan vermədi. 39-cu dəqiqədə yenə diqqətlər B.Soltanovun üzərinə cəmləşdi. Belə ki, onun qüvvətli zərbəsini bu dəfə qapı xəttindən qapıçı yox, rəqib müdafiəçi çıxardı. Əli ilə topu qapıdan çıxaran müdafiəçinin bu qayda pozuntusu referi Ömər Paşayevin nəzərindən yayındı. Futbolçularımızın etirazına baxmayaraq, hakim qərarını dəyişmədi və ağ nöqtə yerinə künc zərbəsini göstərdi.
İkinci hissədə yenə diqqəti cəlb edən referi oldu. Onun müəmmalı qərarları futbolçuları tez-tez çılğınlığa vadar edir, nəticəsi isə sarı və qırmızı vərəqələrlə cəzalanmaq olurdu. Yeddi sarı, bir qırmızı vərəqənin göstərildiyi matçda növbəti qayda pozuntusu yenə fit çalınmadan yekunlaşdı. Elnur Abdulovun başla qapıya endirdiyi zərbəsi rəqib müdafiəçinin əlinə dəysə də, referinin fiti yenə susdu. Oyunun ən qalmaqallı anı isə son saniyələrdə yaşandı. Künc zərbəsində edilən asma zamanı hamıdan yüksəyə tullanan Kamal Bayramovun zərbəsi qapı xəttini keçsə də, Ömər Paşayev mərkəzi göstərmədi. Əvəzində əks istiqamətə olan cərimə zərbəsi təyin etdi. Səbəb kimi isə futbolçularımızın rəqib qapıçıya qarşı kobud oynadığını göstərdi. Halbuki oyunun videoyazısında qapıçıya “Araz-Naxçıvan” futbolçularının yox, öz oyunçularının toxunduğu açıq-aşkar görünür.
Nəticədə, 0:1 hesabı ilə məğlub olan “Araz-Naxçıvan” futbol komandası yenə hakimlərin qərəzli mövqeyinin “qurban”ı oldu. Qeyd edək ki, komandamız növbəti oyununu sentyabrın 12-də doğma arenada “İnter” futbol komandasına qarşı keçirəcək.
Ceyhun MƏMMƏDOV