Topaz Premyer-Liqasında debüt edən “Araz-Naxçıvan” futbol komandası çempionatın ilk turunda “Neftçi” futbol komandasını qəbul etdi. 13 illik fasilədən sonra ilk dəfə yüksək dəstədə mübarizəyə qoşulan muxtar respublika təmsilçisi üçün bu görüş böyük əhəmiyyət daşıyırdı: birincisi, çempion kimi meydana çıxıb qələbələrinin ardını gətirmək, digər tərəfdən isə doğma arenada məğlubedilməzlik seriyasını davam etdirmək.
Kapitana yaraşan oyun
“Neftçi” futbol komandası Avropa Liqasında uğurlu çıxışını Premyer-Liqanın ilk turunda da davam etdirmək niyyətində idi. Odur ki, ilk turda “Araz-Naxçıvan”la qarşılaşmaya Bakı təmsilçisi rahat şəkildə gəlmişdi. Qırmızı-ağlar hər zaman olduğu kimi, budəfəki görüşə də ciddi hazırlaşmışdılar. “Araz-Naxçıvan”ın heyətində yeganə itki Elnur Abdulov idi ki, onun da növbəti turda meydana çıxacağı artıq dəqiqləşib. “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev qapını yeni qapıçımız Kamal Bayramova həvalə etmişdi. Eyni zamanda kapitanlıq sarğısı da onun qolunda idi. Müdafiə xəttində Ruslan-Azər-Emin-Ruslan kvartetinə orta xətdə Budaq-Ramal-Eşqin triosu köməklik edirdi.
Ötən mövsüm olduğu kimi, bu dəfə də hücum xəttindəki üçlü rəqibin müdafiəsini yarmaqla qol axtarışında olmalı idi. Tərlan Xəlilovla yanaşı, Bəxtiyar Soltanov hücumun sivri ucunda olan David Canıyevə köməklik edirdi.
Yetirmələrinə daha çox rəqibi əks-hücumlarda yaxalamaq tapşırığını verən baş məşqçi Əsgər Abdullayev həmçinin oyunun taleyinin məhz orta xətdən asılı olduğunu matçdan öncə açıqlamasında bildirmişdi. Eyni zamanda sürətli cinah oyununa üstünlük verən baş məşqçi qol axtarışında üstünlüyü bir qədər sol və sağ yarımmüdafiəçilərinin öhdəsinə buraxmışdı.
İki fərqli hissə
Matç gözlənildiyindən də sürətli başladı. Artıq ilk 10 dəqiqədə “Neftçi” futbolçuları qapımız önündə iki təhlükəli vəziyyət yaratsalar da, qapıçı Kamal Bayramov sayıqlığı itirmədi. Buna cavab olaraq 17-ci dəqiqədə David Canıyev müdafiəçilərin səhvindən yararlanmağa yaxın oldu. Lakin ötən mövsüm komandamızın şərəfini qoruyan, hazırda isə “Neftçi” futbol klubunun formasını geyinən Emil Balayev qola imkan vermədi. Bir qədər sonra oyunun ən real qol imkanını komandamız boşa verdi. Künc zərbəsindən sonra cərimə meydançasında yaranan qarışıqlıqda rəqib qapıçı topu son anda qapı xəttindən uzaqlaşdırmağı bacardı. Ağ-qaraların isə buna cavabı dirəkdən qayıdan zərbə ilə yekunlaşdı. Oyunda sürəti bir qədər artıran muxtar respublika təmsilçisi eyni cinahdan iki təhlükəli vəziyyəti boşa verdi. Bəxtiyarın ardınca David qapıçını keçə bilmədi. İlk hissənin son 5 dəqiqəsində isə topa nəzarət edən “Neftçi” futbol komandası daha çox uzaqdan zərbələrlə qapımıza yol tapmağa çalışdı. Nicat Qurbanov və Mirhüseyn Seyidovun qüvvətli zərbələri qeyri-dəqiq alınınca ilk hissədə tablodakı sıfırlar dəyişməz olaraq qaldı.
İkinci hissə başlamazdan öncə Əsgər Abdullayev Eşqin Quliyevi Elmin Çobanovla əvəzlədi və hücum xəttində sürəti bir qədər artırdı ki, bu da öz bəhrəsini 52-ci dəqiqədə verdi. Belə ki, sağ cinahdan başlanan hücumu David Canıyev məntiqi sonluqla yekunlaşdırdı – 1:0. Bu qol eyni zamanda yüksək liqada muxtar respublika təmsilçisinin 13 ildən sonra vurduğu ilk qol kimi tarixə düşdü. Vurulan qol sanki “Neftçi”ni yuxudan oyatdı. Ardıcıl hücumlar təşkil edən Bakı təmsilçisi qapımız önündə bir neçə təhlükəli vəziyyət yaratdı. Xüsusilə cərimə zərbələrini ustalıqla yerinə yetirən rəqib futbolçular qapıçımızın da səyləri nəticəsində toru silkələməkdə aciz qaldılar. Buna cavab olaraq “Araz-Naxçıvan”ın əks-hücumları 81-ci dəqiqədə qolla nəticələndi. Belə ki, rəqib müdafiəçinin bir qədər ləng hərəkətindən istifadə edən Elmin Çobanov qapıçını da geridə qoyaraq rəqibi ikinci dəfə mərkəzə dəvət etdi – 2:0. Artıq məğlubiyyətlə barışan “Neftçi” təsəlli qolu vurmağa çalışdığı halda David Canıyev oyunda ikinci qolunu rəsmiləşdirdi. Mərkəzdə Ramal Hüseynovdan ideal ötürmə alan David hücumun yönünü sol cinaha dəyişməklə rəqib müdafiəçilərdə çaşqınlıq yaratdı. E.Çobanovun asmasını ram edən hücumçumuz mükəmməl zərbə ilə qapının uzaq doqquzluğunu dəqiq nişan aldı və ötən mövsüm olduğu kimi, bu dəfə də meydandakı ilk oyununu iki qolla başa vurdu – 3:0.
Bununla, “Araz-Naxçıvan” Topaz Premyer-Liqasının ilk matçını qələbə ilə başa vurdu və aktivinə 3 xal yazdırmağa müvəffəq oldu. Komandamız növbəti görüşünü avqustun 17-də səfərdə “Qəbələ” futbol komandasına qarşı keçirəcək.
Fikirlər...
Əsgər Abdullayev (“Araz-Naxçıvan” komandasının baş məşqçisi): “İki fərqli hissə oynadıq. Futbolçular ikinci hissədə tapşırıqları daha düzgün yerinə yetirdilər. İlk hissədə cinahlardan istifadə edə bilmədik. Elmin Çobanovun oyuna daxil olmasından sonra isə vəziyyət dəyişdi. Cinahlar güclü olanda komandaya oyununu qurmaq daha asan olur. Cinahsız komanda qanadsız quş kimidir. Bütün azarkeşlərimizi təbrik edirəm. Futbolçular ikinci hissədə tapşırıqları tam yerinə yetirdilər. Azarkeş 12-ci oyunçudur. Çatışmazlıqlarımız hələ var. Komanda, əsasən, yerli futbolçulardan təşkil olunub. Çalışırıq ki, əlimizdən gələni edək, azarkeşlərimizi sevindirək. Güclülər dəstəsinə rəng qatmaq istəyirik.
Nazim Əliyev (“Neftçi” futbol komandasının məşqçisi): “Təəssüf ki, məğlubiyyətlə üzləşdik. Bugünkü oyunda gənc futbolçularımızı yoxlamaq istəyirdik. Klub tərəfindən onlara şans verildi. Avroliqada, demək olar ki, oynamaq şansları olmur. 3-4 nəfəri çıxmaqla, demək olar ki, heç biri etimadı doğrultmadı. “Araz-Naxçıvan” futbol komandasını qələbə münasibətilə təbrik edirəm”.
Ceyhun MƏMMƏDOV