Yeni mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer-Liqasında çıxış edəcək “Araz-Naxçıvan” futbol komandası hazırlıqlarını davam etdirir. İyunun 20-dən Şərur Olimpiya-İdman Kompleksində bir araya gələn “qırmızı-ağlar” gündə iki dəfə məşq etməklə yeni mövsümə hazırlaşırlar. Birinci divizionun qalibi olan komandamız bu uğurunu yüksək liqada da davam etdirmək niyyətindədir. Bir neçə futbolçu ilə yollarını ayıran “Araz-Naxçıvan” Premyer-Liqa təcrübəsi olan oyunçuları komandaya dəvət edib.
İlk olaraq müdafiə xəttinin güclənməsi üçün bir neçə oyunçu baxışa çağırılıb. Onlardan Kamil Hüseynov və Emin Cəfərquliyevlə birillik müqavilə imzalanıb. Ötən mövsüm uğurlu çıxışı ilə azarkeşlərin etimadını qazanan Emil Balayevin gedişindən sonra qapıçı problemini “qırmızı-ağlar” təcrübəli dəri əlcək sahibi Cahangir Həsənzadə ilə həll ediblər. Həmçinin gənc qapıçı Elçin Sadıqov da komandanın düşərgəsinə qoşulub.
Premyer-Liqada rəqiblərin nisbətən güclü və daha çox dayanıqlı olduğunu bilən baş məşqçi Əsgər Abdullayev yarımmüdafiə xəttinin də güclənməsinə üstünlük verib. Məhz bu amil Hüseyn Axundov, Budaq Nəsirov, Ruslan Nəsirli və Qərib İbrahimovun komandaya dəvət edilməsinə səbəb olub. Elita təcrübəsi olan bu futbolçular eyni zamanda müəyyən yaş qruplarından ibarət Azərbaycan milli komandalarının da şərəfini qoruyurlar.
Ötən mövsüm komanda üzvlərindən David Canıyev və vacib oyunlarda komandaya xal qazandıran Fərid Quliyevi cari ildə daha ciddi mübarizə gözləyir. Onlar indi əsas heyətdə mübarizə aparmaq üçün yeni transfer olunan Vüqar Əsgərovu üstələməyə çalışmalıdırlar. Həmçinin baxışda olan Elnur Abdulov və Vüsal Qarayev də “Araz-Naxçıvan”la müqavilə imzalamağa yaxındır.
Baş məşqçi Əsgər Abdullayev hazırlıqların sürətlə davam etdiyini və qarşıdakı günlərdə futbolçulara veriləcək tapşırıqların bir az da artacağını bildirdi: “Ötən mövsüm komandanın heyətində çıxış edən bəzi futbolçularla yollarımızı ayırdıq. Onların əksəriyyəti icarə əsasında komandada oynayırdı. Premyer-Liqa birinci diviziondan çox fərqlidir. Buradakı komandaların heyətində daha çox təcrübəli futbolçular top qovurlar və onlarla mübarizə aparmaq heç də asan deyil. Buna görə bir çox futbolçunu baxışa dəvət etmişdik. Onların bəzilərinin oyun bacarığının taktikama uyğun olduğunu gördüm və komandada qalmalarını istədim. Bəziləri isə gözlənilənləri doğrultmadı. Qarşıda bizi çətin mövsüm gözləyir. Lakin mən futbolçularımıza inanıram və onların ötən mövsüm olduğu kimi, yenə də Azərbaycan futbolunda yeni səhifə açacaqlarına əminəm. Məşqlərə ara vermədən davam edirik. Qarşıdakı günlərdə məşqin sürətini bir qədər də artırmaq fikrindəyik. Futbolçu təlim-məşq toplanışında nə qədər fiziki və texniki baxımdan çalışarsa, il ərzində bir o qədər komandaya xeyir verər”.
Eşqin Quliyev (komandanın yarımmüdafiəçisi): “Yeni mövsümə iddialı hazırlaşırıq. Xüsusilə ev oyunlarında azarkeşlərimizə əsl futbol bayramı yaşatmaq niyyətindəyik. Düzdür, Premyer-Liqada zəif komanda yoxdur, lakin heyətimizdə təcrübəli oyunçular var və yeni transferlərlə daha yaxşı təsir bağışlayacağımıza inanıram”.
Qərib İbrahimov (komandanın yarımmüdafiəçisi): “Heyətdə bir çox təcrübəli futbolçular var və heç də digər klublardan geri qalmadığımızı düşünürəm. Baş məşqçimizin tapşırıqlarını daim yerinə yetirməyə çalışırıq və yeni mövsümdə iddialı bir komanda kimi meydana çıxacağımıza inanıram”.
Tərlan Quliyev (komandanın yarımmüdafiəçisi): “Məşqlərə ara vermədən davam edirik. Hazırda iddialı bir heyətimiz var. İstənilən komanda ilə mübarizə aparmağa hazırıq. Yeni mövsümdə azarkeşlər meydanda daha fərqli “Araz-Naxçıvan” izləyəcəklər”.
Ceyhun MƏMMƏDOV