İdman sahəsində ən böyük uğur insanın bilik və düşüncəsinin vəhdəti ilə əldə edilir. Biliyə isə tədris vasitəsilə çatmaq olar. Bu iki birləşməni bacaran idmançı istədiyi göstəriciyə nail olmaq imkanına malikdir. Bilik və düşüncədən öncə insan psixologiyasında problemlər olmamalı, ağıl və əqli bacarıqlar bu sahə ilə məşğul olmağa imkan yaratmalıdır.
İdmançıda əqli yüksəliş
İnsanın psixoloji halı olaraq fikrin bir obyektə toplanmış və ya fokuslanmış vəziyyəti beyində diqqəti yaradır. Bəs beyin idmanda hansı rolu oynayır? Bəzən peşəkar idmançı olmaq üçün peşəkar mütəxəssisə ehtiyacın olduğu kimi, peşəkar həkimə də müraciət vacibdir. Avropalı alimlər təsdiq ediblər ki, hər məşqdə əqli bacarıqlar üzərində işləməklə onların imkanlarını artırmaq mümkündür. Qısası, insan öz əqli bacarığının 5 faizindən istifadə etmək gücünə malikdir. Bu isə idmançıların daha uğurlu çıxış etməsinə zəmin yaradır.
Son illər Azərbaycanda da məşqçilər “idmanda düşüncə” adlı yeni tədris planı hazırlayıblar ki, bu da heç Avropadan geri qalmır. İdmanda düşüncə nədir? Hər tədrisdən öncə idmançılarla 10-15 dəqiqə ərzində nəzəri və praktik formada dərs keçilir. Bu zaman məşqçilər yetirmələrinə suallar ünvanlayır, fərdi cavablar alındıqdan sonra bütün komanda üçün konkretləşmiş cavab müəyyən edilir və məşqə start verilir.
Nəzəri və praktik tədris
İdmanda düşüncə özlüyündə iki yerə bölünür:
- mənəvi düşüncə;
- peşə düşüncəsi.
Məşqçilərin fikrincə, bu düşüncələr idmançının özünü dərk etməsinə, onun şəxsiyyət kimi formalaşaraq fəaliyyət göstərməsinə zəmin yaradır ki, bunun nəticəsində cəmiyyət fədakar insan və idmançı qazanmış olur.
Mənəvi düşüncə: Bunu anladıqca idmançı özünü dərk etməyə başlayır, insanın dərk halı isə psixikanın yüksək halı hesab edilir. İdmançı mənəvi olaraq yüksələrkən o dərk etməyə başlayır ki, dünya və həyatın gözəlliyi onun üçün yaradılmışdır və o, bunu qorumalıdır. Onun hər bir çıxışı, arenada yüksəlişi yeni bir sənət əsəri yaratmaqdır. Nəhayət, idmançı dərk edir ki, onun gördüyü hər bir iş, qazandığı hər bir uğur özü üçün yox, vətən, xalq naminədir. Bu anda o, insanlıq missiyasını praktik olaraq yerinə yetirdiyini dərk edərək fəaliyyət göstərir. Nəticə: idman həm dünyanı, həm də insanlığı məhvdən qoruyan insan yaratmış olur.
Peşə düşüncəsi: Adından da göründüyü kimi öz peşəsini əhatə edir. İdmançının peşəsi ətrafında düşünməsi ona hər vəziyyətdən çıxış yolu tapmaq bacarığı aşılayır və eyni zamanda ona operativ fikirləşmək, düzgün qərar çıxarmaq bacarığı verir.
Hər bir idmançı peşə yüksəlişinə axtarışlar, yeniliklər etməklə çata bilər. İdmançı hər an sevdiyi peşəsini həyatının əsas məqsədi olduğunu düşünməlidir. Yalnız bu halda o, peşə kamilliyinə malik ola bilər. Bunun üçün məşqçilər gündəlik məşqlərdə idmançıya əlçatmaz zirvədə yerləşən arzusuna bir pillə yaxınlaşdığını vizual olaraq göstərməlidir.
İdmanda tədris əvvəlcə nəzəri, sonra isə praktik olaraq icra olunur. Bu tədris üsulu idmançının peşə biliyini daha tez, daha kamil qavramasına böyük təsir göstərir. Düşüncə tədrisinin bugünkü idmana nə qədər vacib olduğunu biz yuxarıda da gördük. Bu gün idman güc mübarizəsindən ağıl mübarizəsinə yönəlib ki, bu da idmançıların, ilk olaraq, şüurlu fərd kimi formalaşmasında müstəsna rol oynayır.
Ceyhun MƏMMƏDOV