22 Dekabr 2024, Bazar

Gəncləri zərərli vərdişlərdən çəkindirmək, idman vasitəsilə onları sağlam ruhda tərbiyə etmək, idmanın kütləviləşdirilməsinə nail olmaq, peşəkar idmançıların uğurlu nəticə qazanmalarına kömək etmək – bütün bunlar müasir Azərbaycan idmanının yüksəlişinə səbəb olan addımlardır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Əgər biz hamımız idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik”. 

Bu gün Azərbaycanın hər yerində idmanın inkişafı üçün böyük işlər görülür. İdman infrastrukturunun yaradılmasını müasir dövrün tələbləri baxımından təxirəsalınmaz vəzifələrdən biri kimi müəyyənləşdirən muxtar respublika rəhbəri tez bir zamanda istedadlı idmançıların yetişməsi üçün geniş imkanlar yaradıb. Muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının qarşısına idmanın inkişafı, kütləviliyi üçün mühüm vəzifələr qoyulub. Bu gün Naxçıvanda fəaliyyət göstərən federasiyaların nəzdində yüzlərlə yeniyetmə və gənc müxtəlif idman növləri ilə məşğul olur. Belə federasiyalardan biri də Şərq Döyüşü Sənəti Federasiyasıdır. 2015-ci ilin ilk 8 ayında federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 20-yə yaxın yarış, turnir və seminarlar təşkil edib. Keçirilən tədbirlər barədə məlumat verən federasiyanın sədr müavini Cavanşir Salayev bildirdi ki, Naxçıvanda təşkil edilən bütün idman yarışları yüksək səviyyəsi, kütləviliyi ilə seçilir. Federasiya olaraq cari ilin ilk 8 ayında nazirliklə birgə bir çox tədbirlər keçirmişik.

Məqsəd federasiyanın nəzdində olan bölmələrdəki uşaqların fiziki hazırlığını yoxlamaq, onların yarış təcrübəsini artırmaq və idmançıları respublika miqyaslı yarışlara hazırlamaqdır. Hazırda Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasında kikboksinq, MMA qaydasız döyüş növləri, taekvando, budo, uşu-sando döyüş idman növləri fəaliyyət göstərir. Hər idman növündə qruplar yaradılıb.
“Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırmağa müvəffəq oldular”, – deyən federasiyanın sədr müavini Cavanşir Salayev bu ilin ötən dövründə idmançıların daha çox beynəlxalq arenalarda uğur qazandığını dedi: “Fevral ayında İran İslam Respublikasının Urmiya şəhərində peşəkarlar arasında kikboksinq üzrə beynəlxalq yarış keçirildi. Bu yarışda muxtar respublika idmançısı Cavidan Rəcəbli 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazandı. May ayının son günlərində isə federasiyanın yetirməsi İlkin Səfərov İtaliyada keçirilən uşu-sando üzrə dünya çempionatında fəxri kürsünün ən yüksək zirvəsini fəth etdi. Bu, 8 ayda idmançımızın yeganə uğuru olmadı. Belə ki, avqust ayında İlkin Səfərov İngiltərənin Norviç şəhərində keçirilən dünya çempionatını yenə qalib kimi başa vurdu. Beynəlxalq arenalarda uğurlarımız bununla kifayətlənmir. 18-22 iyun tarixlərində Rusiyanın Novorossiyski şəhərində budo üzrə dünya kuboku uğrunda yarışa yollanan 3 yetirməmiz vətənə medal­larla qayıdıb. Onlardan biri qızıl, biri gümüş, biri isə bürünc medal əldə edib. Bir ay sonra isə Ukraynanın Odessa şəhərində keçirilən universal döyüş növləri üzrə Avropa çempionatında federasiyanın yetirməsi Xəyal Abdullayev ikinci yerə çıxıb”.
Beynəlxalq yarışlarda qazanılan uğurların meyarı təbii ki, muxtar respublika daxilində mütəmadi olaraq təşkil edilən yarışlardır. Bu cür tədbirlər idmançıların yarış təcrübəsini artırmaqla yanaşı, həm də onlarda idmana olan marağı yüksəldir. Federasiyanın sədr müavini belə yarışları tez-tez təşkil etdiklərini bildirdi: “Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, federasiya mütəmadi olaraq yarışlar, turnirlər təşkil edir. 2015-ci ilin ilk 8 ayı ərzində nazirliklə birgə taekvando, kikboksinq, MMA qaydasız döyüş növləri üzrə muxtar respublika birincilikləri keçirilib. Bu yarışlarda 1000-ə yaxın yeniyetmə və gənc iştirak edib. Məlum olduğu kimi, federasiyanın rayon üzrə bölmələri də fəaliyyət göstərir. Rayonlarda da bu idman növlərinin kütləviliyi üçün yoldaşlıq görüşləri, turnirlər keçirilir. Həmçinin federasiyanın dəvət etdiyi məşqçilər tərəfindən seminarlar təşkil edilir”.
“İdmançılarımız artıq respublika daxilində keçirilən yarışların əsas favoriti kimi göstərilir”, – deyən Cavanşir Salayev ölkə birinciliyində qazanılan uğurlar haqda da məlumat verdi: “Aprel ayında kikboksinq üzrə Azərbaycan birinciliyi təşkil edildi və biz ölkə birinciliyində 1 gümüş, 2 bürünc medal qazandıq. Elə həmin ayın sonlarında Ağdam Olimpiya-İdman Kompleksində keçirilən MMA qaydasız döyüş növləri üzrə beynəlxalq turnirdə 2 idmançımız bürünc medal əldə etdi. Bizim üçün ən yaddaqalan turnir isə Şərur Olimpiya-İdman Kompleksində keçirilən peşəkarlar arasında kəmər çempionatı oldu. Ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş çempionatın muxtar respublikada təşkil edilməsi Naxçıvanda yaradılan müasir idman infrastrukturunun nəticəsi, idmanın inkişafının bariz nümunəsidir”.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR