22 Dekabr 2024, Bazar

Azərbaycan idmanı bu gün dünya arenasında özünəməxsus yerə sahibdir. Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində idman böyük bir inkişaf yolundadır. Ölkə Prezidenti çıxışlarının birində idmanın ölkəmizdə sürətlə inkişaf etdiyini bildirərək deyib: “Mən qətiyyətlə deyərdim ki, dünyanın heç bir ölkəsində bizim dövlətimiz qədər idmana qayğı göstərilmir. Bunun da bariz nümunəsidir ki, son illər istər olimpiadalarda, istərsə də müxtəlif turnirlərdə yüksək nəticələr əldə olunur. Son illər idmançılarımız respublikamızı beynəlxalq arenalarda layiqincə təmsil edirlər”.
Bu gün Azərbaycanda həyata keçirilən idman siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Burada müxtəlif idman federasiyaları, eləcə də Voleybol Federasiyası yaradılıb və bu idmanın kütləviləşməsi üçün məqsədyönlü işlər görülüb. Hazırda voleybol muxtar respublikada kütləvi hal alıb, gənclər və yeniyetmələrin bu sahəyə marağı artıb.
Xatırladaq ki, voleybol hərəsi 6 oyunçudan ibarət olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramına salınıb. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və xal qazanmaqdır. Populyarlıq dərəcəsinə görə kollektiv idman növlərindən futbol və basketboldan sonra voleybol həndbol, buz xokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox auditoriyaya malikdir.

Muxtar respublikada bu idman növünün inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, 2003-cü ildə ilk dəfə voleybol üzrə Azərbaycan çempionatının kişilərdən ibarət zona yarışı Naxçıvan şəhərində keçirilib. Həmin vaxtdan etibarən mütəmadi olaraq voleybol yarışları təşkil edən Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası yeniyetmə və gənclərin bu sahəyə axınının da əsasını qoyub. Cari ildə federasiya işini turnirlər, yarışlar keçirməklə davam etdirməkdədir. Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev söhbət zamanı cari ilin ilk 8 ayında görülən işlər barədə məlumat verdi: “Federasiyamızın əsas məqsədi muxtar respublikada voleybolun inkişafına təkan vermək, istedadlı gəncləri yetişdirmək və onları Azərbaycan idmanına bəxş etməkdir. Bu yöndə artıq bir çox işlər görülüb. Cari ildə Gənclər və İdman Nazirliyi ilə birlikdə bir çox tədbirlər həyata keçirmişik. Fevral ayında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi təşkil edilib. Birincilikdə 6 komandada 70 idmançı mübarizə aparıb. Şəhər birinciliyi ilə yanaşı, federasiya və nazirlik muxtar respublika birinciliyi də təşkil edir ki, bu yarışda fərqlənən idmançılar yığma komandamıza dəvət olunurlar”.
Aydın Mirzəyev bildirdi ki, voleybolun inkişafında, idmançıların oyun təcrübəsinin artırılmasında yoldaşlıq görüşləri mühüm əhəmiyyət kəsb edir: “Təşkil edilən yoldaşlıq oyunlarına xüsusi diqqət ayrılır. Çünki bu oyunlarda istedadlı gənclər daha çox üzə çıxır. İlk 8 ayda bir çox belə oyunlar təşkil edilib. 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə voleybol üzrə Babək və Ordubad rayon komandaları arasında yoldaşlıq görüşü keçirilib. İyun, həmçinin avqust aylarında İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə yeniyetmə oğlanlardan (Culfa-Sədərək) və kişilərdən (Şahbuz-Ordubad) ibarət komandalar arasında oyunlar olub. Federasiya və nazirliyin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kişilər arasında muxtar respublika turniri təşkil edilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 2 gün davam edən turnirdə 8 komandada 96 voleybolçu çıxış edib”.
Geridə qalan müddət ərzində federasiya ilə nazirliyin birgə təşkil etdiyi ən böyük turnir aprel ayına təsadüf edir. Belə ki, keçirilən açıq birincilikdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə mübarizə aparıb. Üç gün davam edən və Sədərək rayon komandasının qələbəsi ilə yekunlaşan birincilikdə 100-ə yaxın voleybolçunun iştirakı təmin olunub.
Sonda Aydın Mirzəyev yaradılan şəraitə görə minnətdarlığını bildirdi: “Federasiyamıza göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk. Bu idman növünün inkişafı üçün hər cür şərait yaradılıb. Qarşıdakı aylarda tədbirlər planına uyğun olaraq, bir çox turnirlər, yarışlar təşkil olunacaq ki, bu da voleybolun sürətli inkişafına töhfəsini verəcək”.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR