İyulun 23-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Turnirin “A” yarımqrupunda Azərbaycan, İran, Gürcüstan və Özbəkistan, “B” yarımqrupunda isə Naxçıvan, Türkiyə, Qazaxıstan və Rusiya komandaları öz qüvvələrini sınamışlar. Qrup görüşlərinin nəticələrinə görə, Azərbaycan və Rusiya komandaları öz yarımqruplarında birinciliyə nail olmuşlar. Final görüşündə birinci yer uğrunda Azərbaycan və Rusiya komandaları mübarizə aparmışlar. Keçirilən görüşlərin nəticəsinə görə, Azərbaycan komandası birinci, Rusiya komandası ikinci yerin sahibi olmuşdur. Gürcüstan komandası isə həlledici mərhələdə Türkiyə komandasını məğlub edərək üçüncü yerə çıxmışdır.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayev üçüncü yerin sahibi olan Gürcüstan komandasına, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov ikinci yerə çıxan Rusiya komandasına diplom və medallar təqdim etmişlər.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnirin qalibi olmuş Azərbaycan komandasına qızıl medalları və kuboku təqdim etmişdir.
Qalib komandalarla xatirə şəkli çəkdirilmişdir.
Komandalara müvafiq yerlər üzrə pul mükafatları da verilmişdir.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Bununla da, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarış başa çatmışdır.
“Şərq qapısı”