Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi rayon Gənclər və İdman İdarəsi ilə birgə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirib.
İsveçrə sistemi ilə keçirilən yarışın məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili və onların bu idman sahəsinə cəlbindən ibarət idi. 20 zəka sahibinin qüvvəsini sınadığı birincilik gərginliyi ilə yadda qalıb və Umud Məhərrəmli bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Digər iki pillədə isə Tuncay Cabbarov və Sunay Hüseynli qərarlaşıblar.
Şahmat birinciliyi ilə yanaşı, təşkilatçılar ümumtəhsil məktəblərinin şagirdləri arasında velosiped üzrə rayon birinciliyi də təşkil ediblər. Sahbuz şəhərində 28 May və Səməd Vurğun küçələri arasında 2000 metr məsafəni 20-dən çox velosipedçi birinci qət etməyə çalışıb. Yarışın yekun nəticəsinə əsasən, Murad Bağırov rəqiblərini qabaqlayaraq finiş xəttinə hamıdan tez çatıb. Elçin Hüseynli və Aydın Muradlı isə rayon birinciliyini müvafiq olaraq ikinci və üçüncü pillədə başa vurublar.
Şahbuz rayonunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında futbol üzrə yoldaşlıq görüşü keçirilib. Uşaq-Gənclər İdman Məktəbinin komandası ilə Şahbuzkənd komandasının üz-üzə gəldiyi görüş “sülh”lə yekunlaşıb – 2:2.
Keçirilən tədbirlərdən sonra uğur qazanan idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
Ceyhun Məmmədov