Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi yarışda 12 çəki dərəcəsində 100-dən çox idmançı qüvvəsini sınayıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış edən federasiyanın sədr müavini Cavanşir Salayev muxtar respublikada bu növün təbliği və gənclər arasında kütləvi hal alması üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Naxçıvanda idmanın bütün sahələrinin inkişafı üçün hər bir şərait yaradılıb.
Tamaşaçılar final qarşılaşmalarında maraqlı görüşlərə şahidlik ediblər. Nəticəyə əsasən, Akif İsmayılov (24 kq), Əkbər Babayev (27 kq), İsmayıl Yaqubov (33 kq), Xəyal Fərəcli (36 kq), Həsən Kərimli (39 kq), Qadir Bağırov (42 kq), Nurxan Mirzəyev (45 kq), Fərman Rzayev (48 kq), Əbülfəz Rəcəbli (51 kq), Məhərrəm Süleymanov (54 kq), Araz Hüseynzadə (60 kq) və Əli Qəmbərov (67 kq) həlledici qarşılaşmalarda qalib gələrək birinci yerə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində ilk üç pillədə qərarlaşan idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Ceyhun Məmmədov