İyulun 22-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirə start verilmişdir.
Turnirin açılış mərasimindən öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri qoyulmuşdur.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov demişdir ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir. Yaradılan şəraitin nəticəsidir ki, hər il Azərbaycanda nüfuzlu beynəlxalq idman tədbirləri keçirilir. Birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi və Azərbaycan idmançılarının keçirilən yarışlarda uğurlu çıxışları dünya idman tarixində yeni bir səhifə yazdı. İsmayıl İsmayılov Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində ardıcıl tədbirlərin görüldüyünü bildirmiş, Naxçıvandan olan idmançıların birinci Avropa Oyunlarındakı uğurlu çıxışlarının, hər il burada möhtəşəm idman tədbirlərinin keçirilməsini bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov çıxış edərək ölkəmizdə digər idman növləri ilə yanaşı, güləşin inkişafı istiqamətində də ardıcıl tədbirlərin görüldüyünü bildirmiş, Naxçıvanda keçirilən beynəlxalq yarışın bu baxımdan əhəmiyyətini qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarış əlamətdar tarixdə keçirilir. 25 il bundan əvvəl – 1990-cı il iyulun 22-də ümummilli liderimiz Heydər Əliyev Moskvadan Naxçıvana gələrək buradan öz xilaskarlıq missiyasına başlamışdır. 1990-1993-cü illərdə dahi şəxsiyyətin rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən tədbirlər Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət etmiş, qədim Naxçıvanda müstəqilliyimizin təməli qoyulmuşdur.
Əlamətdar tarixi gün və beynəlxalq yarışın açılışı münasibətilə tədbir iştirakçılarını və bütün idmançıları təbrik edən Azər Zeynalov demişdir ki, Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”, – deyən dahi şəxsiyyət ölkəmizə rəhbərliyi dövründə idmanın inkişafı üçün ardıcıl tədbirlər görmüş, Azərbaycanın bütün bölgələrində idman kompleksləri, meydançalar tikilərək istifadəyə verilmiş, idman-sağlamlıq mərkəzləri və məktəbləri yaradılmışdır. Ulu öndərin müəyyənləşdirdiyi idman siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Nəticə göz önündədir. Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında qazandıqları qələbələr, əldə etdikləri uğurlar ilbəil artmaqdadır. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, yaradılan müasir idman infrastrukturu və perspektivli idmançılar nəslinin yetişməsi Azərbaycanı beynəlxalq idman tədbirlərinin keçirildiyi bir məkana çevirmişdir. Bu il iyunun 12-dən 28-dək ölkəmizin birinci Avropa Oyunlarına möhtəşəm ev sahibliyi etməsi bunu bir daha təsdiq etdi. Oyunların yüksək təşkilatçılıq şəraitində keçməsi və qazanılan medalların sayına görə Azərbaycanın ikinci yeri tutması isə ölkəmizdə idmanın sürətli inkişafının daha bir göstəricisidir.
Qeyd olunmuşdur ki, bu gün Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı diqqət mərkəzində saxlanılır. Hazırda Naxçıvanda gənc idmançılar nəsli yetişir. Son illər muxtar respublikada müasir idman infrastrukturu yaradılmış, yüzlərlə idman obyektləri tikilərək istifadəyə verilmişdir. Artıq naxçıvanlı idmançılar beynəlxalq yarışlarda uğurla çıxış edərək ölkəmizin idman şərəfini qoruyurlar. Belə ki, Naxçıvan güləş məktəbinin yetirməsi Hacı Əliyev və Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev birinci Avropa Oyunlarında uğurla çıxış edərək bürünc mükafata layiq görülmüşlər. Həmçinin bu il Naxçıvan Muxtar Respublikasının şahmatçılarından 1-i FİDE ustası, 1-i isə beynəlxalq qrossmeyster dərəcəsi almışdır.
“Hər il Naxçıvanda ümummilli liderimizin xatirəsinə həsr olunmuş beynəlxalq güləş yarışının keçirilməsi gənc və perspektivli idmançıların üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyən Azər Zeynalov sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarışın təşkilatçılarına, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına və yarışda iştirak edən idmançılara təşəkkür etmiş, yarışın idman mübarizəsi şəraitində keçiriləcəyinə əminliyini bildirmiş və beynəlxalq yarışı açıq elan etmişdir.
Açılış mərasimi bədii hissə ilə davam etmişdir. Xalq artisti Aygün Kazımovanın və müğənni Elçin Cəfərovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Sonra yarışa start verilmişdir. A və B yarımqruplarında komanda sistemi üzrə keçirilən yarışda 6 xarici ölkədən – Rusiya, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan və Gürcüstan, eləcə də Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasından olan 100-ə yaxın idmançı 8 çəki dərəcəsində mübarizə aparırlar. Yarışları 15 hakim idarə edir.
Beynəlxalq yarışın açılış mərasimi “İdman Azərbaycan” televiziyası, Naxçıvan Dövlət Televiziyası və “Kanal-35” televiziyası ilə canlı yayımlanmışdır.
“Şərq qapısı”