Muxtar respublikanın kompleks inkişafı idman sahəsini də əhatə edib.
Bir neçə ildir ki, möhtəşəm idman yarışlarına ev sahibliyi edən Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərində həyata vəsiqə alan yeni idman obyektləri, həmin obyektlərin maddi-texniki bazalarının gücləndirilməsi həm idmana marağı artırmaqda, həm də yeni qələbələr qazanılmasında başlıca amildir.
Öz işini günün tələbləri səviyyəsində quran qurumlardan biri də Naxçıvan şəhərində fəaliyyət göstərən Uşaq-gənclər idman məktəbidir. Məktəb gənclərin yay tətilini səmərəli keçirməsi üçün tədbirlər planı hazırlayıb və onları həyata keçirməkdədir.
Keçirilən yarışların mahiyyətini, onların verdiyi nəticələri və gəncləri idmana cəlb etmək üçün hansı tədbirlərin görüləcəyini öyrənmək üçün məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərovla söhbətləşdik. Faiq müəllim bildirdi ki, Uşaq-gənclər idman məktəbində idmanın sərbəst və yunan-Roma güləşi, cüdo və sambo növləri üzrə məşqlər keçirilir. Hazırda bu məşqlər 16 müəllim tərəfindən aparılır və məktəbimizə müraciət edənlərin sayı da gündən-günə artmaqdadır. Həftənin 6 günü daxil olmaqla məşqlərdə ayrı-ayrı növlər üzrə, ümumilikdə, 500-ə yaxın uşaq, yeniyetmə və gənc iştirak edir. Məqsəd isə muxtar respublikada bu idman növlərinə olan marağı artırmaq, onları məktəblilər, həmçinin gənclər arasında kütləvi hala gətirmək, yarışlarda uğur əldə edən idmançıları milli komandaya dəvət etməkdir. 2015-ci ilin birinci yarımili ərzində uşaq, yeniyetmə və gənclərin yay tətilinin səmərəli təşkili, asudə vaxtlarından düzgün istifadə etmələri üçün nəzərdə tutulan bir sıra tədbirlər reallaşdırılıb.
Həmin yarışlara nəzər yetirdikdə, məktəbin fəaliyyət dairəsinin genişliyini görə bilərik. Qarşıdakı aylarda məktəb bu ənənəsini davam etdirəcək. Faiq İsgəndərovu dinləyək: “Avqust və sentyabr aylarında sərbəst, eləcə də yunan-Roma güləşi üzrə yeniyetmələr və gənclər arasında turnirlər, yarışlar keçiriləcək. Artıq ənənə halını alan bu yarışlarda muxtar respublikanın şəhər və rayonlarından olan güləşçilər mübarizə aparacaqlar. Bununla yanaşı, növbəti aylarda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, bir çox yarışlar, turnirlər olacaq. Həmçinin məktəbin daxili birincilikləri də keçiriləcəkdir”.
Sonda məktəbin direktoru yaradılan şəraitə görə minnətdarlığını bildirdi: “Bu gün muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük nailiyyətlər qazanılıb. İdmana olan diqqət və qayğı nəticəsində Naxçıvan ölkənin idman mərkəzlərindən birinə çevrilib. Bütün bunlar muxtar respublika rəhbərinin uşaq, yeniyetmə və gənclərimizin sağlam ruhda böyüməsinə, onların vətənpərvər kimi formalaşmasına xüsusi diqqətlə yanaşdığını sübut edir. Bizə göstərilən bu etimadın nəticəsi olaraq idmançılarımız böyük uğurlar qazanacaq”.
Ceyhun MƏMMƏDOV