Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Şahbuz rayon bölməsinin və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şahbuz rayonunun idarə, müəssisə, təşkilat və kənd inzibati ərazi dairələrinin voleybol komandaları arasında rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində məqsəd gənclərə zərərli vərdişlərin insan həyatı üçün nə dərəcədə mənfi hal olduğunu aşılamaq, rayonda voleybol idman növünün kütləviliyinə nail olmaq və Şahbuz rayon voleybol yığma komandasının tərkibinə yeni istedadlı gəncləri daxil etmək idi. Olimpiya sistemi üzrə 4 gün davam edən birincilikdə 10 komanda mübarizə aparıb.
Finala gedən yolda bütün rəqiblərini məğlub edən İcra Hakimiyyətinin komandası ilə Kükü kənd inzibati ərazi dairəsinin komandası həlledici qarşılaşmada üz-üzə gəliblər. Daha üstün oyun sərgiləyən birincilər meydanı 3:1 hesablı qələbə ilə tərk ediblər.
Sonda qalib komandaya kubok, medal və diplom təqdim olunub.
Ceyhun Məmmədov