Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında velosiped yarışı üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarışda 15 məktəbin 90-dan çox şagirdi mübarizə aparıb.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Azər Məmmədov muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıblar. Yarışın qaydaları haqda velosipedçilər məlumatlandırıldıqdan sonra birinciliyə start verilib.
Yarışın reqlamentinə əsasən, qızlar 1200 metr, oğlanlar isə 1600 metr məsafəni qət etməyə çalışıblar. Qızların mübarizəsində 9 nömrəli tam orta məktəbin şagirdi Lütfiyyə Mehdiyeva bütün rəqiblərini geridə qoyaraq qalib adını qazanıb. Bu məktəbin digər şagirdi Nərmin Əsmərova ikinci, 4 nömrəli tam orta məktəbin şagirdi Sevinc Əliyeva isə üçüncü olub.
Oğlanların mübarizəsində ilk pillədə 9 nömrəli tam orta məktəbin şagirdi Azər Abbasov qərarlaşıb. Digər iki pilləni isə 2 nömrəli tam otra məktəbin şagirdi Elşad Əliyev və 16 nömrəli tam orta məktəbin şagirdi Musa Sadiqov tutublar.
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Ceyhun Məmmədov