Tələbkarlıq gərəkdir
Yaxşı xatirimdədir, mərhum Hidayət Əliyev güləş üzrə Azərbaycan çempionu olanda və ümumittifaq birinciliyində mükafata layiq yer tutanda əməkdar məşqçi, respublika dərəcəli hakim, mərhum Yusif Əhmədovun yetirməsinin müvəffəqiyyəti barədə Naxçıvanda iftixar dolusu söhbət gedirdi.
Bəli, Naxçıvan güləş məktəbi 50-ci və 60-cı illərdə Azərbaycan idmanına bir çox mötəbər yarışların qalibləri və mükafatçıları olan bacarıqlı pəhləvanlar vermişdir.
Bakıda Qanlı Yanvar hadisələrinin günahsız qurbanlarından olub paytaxtın şəhidlər xiyabanında uyuyan keçmiş SSRİ-nin idman ustası Tofiq Novruzovun, eləcə də idman ustalarından İslam Hümbətovun, Rəmzi Mehdiyevin, Bağır Həsənovun, Eldar Xəlilovun və başqalarının adı bu gün də hörmət və məhəbbət hissi ilə çəkilir. Bu pəhləvanlar paytaxt güləşçiləri ilə, demək olar ki, bərabər səviyyədə çıxış etmiş və dəfələrlə Azərbaycan çempionu olmuşlar. Güləşçilərin hazırlığı üçün əla, yaxud nümunəvi şəraitin olmadığı həmin illərdə pəhləvanlar öz üzərlərində ciddi səy və həvəslə çalışır, yarışlarda yüksək nəticələr qazanmağa can atırdılar.
Çox təəssüf ki, 65-ci ilin axırlarından etibarən həmin sahədə bir durğunluq, tənəzzül yaranmağa başladı. Sərbəst üsulla güləşənlərin əldə etdikləri nəticələr bunu bir daha təsdiqləyirdi. Pəhləvanlarımız respublika miqyaslı yarışların mükafatçıları arasında daha az-az görünürdü. Halbuki həmin vaxtlar şəhər və rayonlarımızda yüksək ustalığa malik güləşçilər hazırlamaq üçün yaxşı şərait yaradılmışdı. Sərbəst güləş üzrə bir çox mütəxəssislər indi məhsuldar işlədiklərindən söhbət açır, yaxşı idmançılar hazırladıqlarını bildirirlər. Lakin bu, bir həqiqətdir ki, məsul yarışlarda uğurla çıxış edə biləcək pəhləvanlara bizdə böyük ehtiyac vardır.
Muxtar respublika Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi rəhbərliyinin məlumatına görə, Naxçıvanda minə yaxın gənc sərbəst güləşlə məşğul olur. İxtisaslaşdırılmış güləş məktəbində, “Dinamo” Cəmiyyətində, Babək, Culfa, Şərur, Şahbuz rayonlarında, Ehtiyat Əmək Qüvvələri Cəmiyyətində 10-dan çox ştatlı və 15-dən artıq saat hesabı ilə çalışan məşqçi fəaliyyət göstərir. Lakin nəticələr müvəffəqiyyətdən xəbər vermir ki, vermir.
“Dinamo”da yaxşı təcrübə toplanmışdır. Burada Bağır Həsənov və Elbrus Həsənovun rəhbərliyi ilə onlarca gənc sərbəst güləşin sirlərinə yiyələnir. Və onu da qeyd edək ki, Naxçıvan şəhər yığma komandasının tərkibi əsasən “Dinamoçular”dan ibarətdir. Lakin son üç ildə bir dəfə də olsun, Azərbaycan yarışlarına komanda göndərilməyibsə, gələcəkdə həmin güləşçilərdən yaxşı nəticələr gözləmək olmaz. Təkcə 24 yaşlı Əsgərxan Novruzovun fəaliyyəti sevindiricidir. Belə ki, son iki ildə o, sabit çıxış edir və Azərbaycanın yığma komandasının tərkibinə daxil edilmişdir.
Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin sədri Tofiq Mehdiyevin fikrincə, lazımi şərait olmadan yaxşı idmançı hazırlamaq mümkün deyil. Əlbəttə, o, haqlıdır. Lakin bir məsələ də var ki, əgər bölmələrin rəhbərləri günün tələbi baxımından çalışmasalar, yaxud ixtisaslaşdırılmış güləş məktəbinin, rayon uşaq-gənclər idman məktəblərinin məşqçilərinə muxtar respublika Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən ciddi nəzarət edilməsə, göstərilən nümunəvi şərait yaradılsa belə, yaxın vaxtlarda Naxçıvanda yaxşı güləşçilər, şübhəsiz ki, yetişməyəcəkdir.
Naxçıvan güləş məktəbi uzun illər Azərbaycana qabiliyyətli idmançılar vermişdir. İndi pəhləvanlarımızın keçmiş şöhrətini özünə qaytarmaq qayğısına qalmaq gərəkdir.
“Şərq qapısı” qəzeti
5 yanvar 1994-cü il
Naxçıvanı beynəlxalq yarışlarda bütün çəki dərəcələrində layiqincə təmsil edən güləşçilər yetişib
Azərbaycan qədim idman ənənələrinə malikdir. Milli ənənələrimizi davam etdirmək isə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İdman sahəsində atılan addımlar, qazanılan uğurlar idmançılarımızın beynəlxalq arenada ciddi rəqibə çevrilməsinə səbəb olub.
Güləşin tarixi
Güləş ən qədim idman növlərindən biridir. Eramızdan 2500 il əvvəl misirlilər, qədim yunanlar, adətən, qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı. Qədim dövrlərdə ayrı-ayrı güləşçilər döşəkdə müxtəlif fəndlər işlədirdilər. Pəhləvanlar bu fəndlərin bəzilərindən indi də istifadə edirlər. Müasir güləşin ən qədim, yəni klassik növü yunan-Roma güləşidir. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək mümkündür.
Ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Milli güləşin əksər elementlərini, fənd və mübarizə üsullarını özündə birləşdirən sərbəst güləş dünyada “Amerika güləşi” kimi tanınır. Şübhəsiz ki, ölkəmizdə milli güləşin tarixi daha qədimdir. Onun elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatımızda rast gəlmək olar. Qədimdə güləş yarışları zorxanalarda təşkil olunurdu.
Milli idman növünün faydaları
Güləş faydalarına görə digər idman növlərindən çox fərqlənir. Belə ki, idmanda idmançıdan ən çox güc tələb edən növ güləşdir. Həkimlərin araşdırmasından sonra məlum olub ki, bu növlə məşğul olarkən insan bədənində olan əzələlər işlək vəziyyətdə olur.
Güləş eyni zamanda insanı düşünməyə vadar edir. Niyə? Bu növlə məşğul olarkən insan fiziki güclə yanaşı, ağlını da işlətməlidir: hansı fəndə qarşılıq verməyi, rəqibinin zəif tərəfini sezməlidir. Bununla yanaşı, güləşlə məşğul olan insanların intuisiyası daha güclü olur. Onlar rəqibin hansı fənddən istifadə edəcəyini öncədən duyurlar.
Güləş idman növü insanda sürət, qüvvət, elastiklik, dayanıqlılıq kimi fiziki xüsusiyyətləri inkişaf etdirir. Eyni zamanda güləş özündə cəsarət, təvazökarlıq, özünəgüvənc kimi insani xüsusiyyətləri birləşdirir. Güləş bir mübarizə idmanı olmaqla insana dözüm və yüksək iradə qazandıran milli idman növüdür.
Güləşin inkişafı üçün Naxçıvanda görülən işlər
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsini ən vacib məsələlərdən biri hesab edir. Ali Məclisin Sədri çıxışlarının birində güləş idman növü haqqında demişdir: “Ölkəmizdə güləş idman növü zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Azərbaycanda hələ qədim zamanlardan “Zorxana” adlanan yerlərdə milli idman növü olan güləş yarışları keçirilmişdir. Azərbaycanda tarixən qədim idman növü olan güləşə böyük maraq olmuşdur. Bu idman növünün elementləri Qobustan qayaüstü rəsmlərində və digər ədəbi-tarixi mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda qədim dövrlərdən populyar idman növü olan güləşin müasir şəraitdə inkişafını yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycanda güləş milli və ən məşhur idman növüdür. Bütün dövrlərdə bizim çox məşhur güləşçilərimiz olmuşdur”.
Bu gün idmana göstərilən qayğı bütün idman növlərinin, o cümlədən güləşin həm texniki-təlim, həm də elmi-metodik bazasının daha da gücləndirilməsinə geniş imkan yaradıb. Muxtar respublikada güləşin daha da inkişaf etməsi və kütləviləşməsi istiqamətində Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən mühüm işlər görülür. Uşaq və yeniyetmələr, gənclər arasında güləşin inkişaf etdirilməsinin başlıca məqsədlərindən biri ehtiyat qüvvələrin, yəni yeni güləşçilərin hazırlanması, onların püxtələşməsidir. Belə olan halda məşqçilərin seçim imkanları daha geniş olur. Bu nüansı nəzərə alan federasiya müəyyən istiqamətdə ciddi tədbirlər həyata keçirir. Nazirlik və federasiya tərəfindən uşaq və yeniyetmələrin güləşə cəlb olunmasına, onların daha keyfiyyətli məşqlər keçməsinə diqqət artırılır.
Naxçıvan güləşçiləri son illər ölkədaxili və beynəlxalq yarışlarda mütəmadi iştirak etməklə yarış praktikalarını da artırırlar. Keçirilən yarış və turnirlər eyni zamanda məşqçilərin seçim imkanlarını asanlaşdırır. Bunun nəticəsidir ki, indi muxtar respublikanı beynəlxalq yarışlarda bütün çəki dərəcələrində layiqincə təmsil edən güləşçilər yetişib.
İdmanda daha yüksək nəticənin qazanılması üçün idman bazalarının olması böyük əhəmiyyət kəsb edir. Federasiya tərəfindən muxtar respublikanın şəhər və rayonlarında güləşin kütləviliyinin təmin edilməsi, maddi-texniki bazanın gücləndirilməsi üçün tədbirlər həyata keçirilir ki, bunun da nəticəsində idmançılarımız beynəlxalq yarışlarda inamlı çıxışları ilə yadda qalırlar. Hazırda rayonlarda müxtəlif yaş qruplarında məşğul olan güləşçilər üçün federasiya və məşqçilər tərəfindən ayrı-ayrı məşq proqramları tərtib olunur. Görülən bu işlər uşaqların güləşlə məşğul olmasına, onların asudə vaxtlarının səmərəli keçməsinə, fiziki cəhətdən sağlam olmalarına zəmin yaradır.
Haliyədə muxtar respublikada güləşin inkişafı istiqamətində atılan ən ciddi addımlardan biri rayon mərkəzlərində və kəndlərdə bölmələrin açılmasıdır. Bu növün təbliği nəticəsində şəhər və rayonlarda 105 qrup fəaliyyət göstərir ki, ümumilikdə, 1373 uşaq, yeniyetmə və gənc milli idman növü ilə məşğul olur. Bu idmançıları isə muxtar respublikada fəaliyyət göstərən 49 məşqçi-müəllim çalışdırır.
Müasir idman infrastrukturunun və perspektivli idmançıların mövcudluğu muxtar respublikada beynəlxalq turnirlərin keçirilməsinə şərait yaradıb. Bu gün Naxçıvanda güləş üzrə də beynəlxalq turnirlər təşkil olunur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan güləş üzrə “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirdə hər il yüzlərlə pəhləvan qüvvəsini sınayır.
Bəs son illər güləşçilərimiz hansı uğurlara imza atıblar? Bu müddət ərzində Naxçıvan güləş məktəbinin yetirmələri ölkədaxili və beynəlxalq arenalarda böyük uğurlar əldə ediblər. Naxçıvan güləş məktəbinin yetirməsi Hacı Əliyev iki dəfə ardıcıl olaraq (2014 və 2015-ci illər) dünya çempionu olmaqla, Azərbaycan güləş tarixində yeni səhifə açıb. Yaşar Əliyev isə Avropa çempionatında bürünc medal qazanıb. Bu müddət ərzində Naxçıvan güləşçiləri gənc və yeniyetmələr arasında Azərbaycan çempionatlarında iştirak edib, mükafatçılar sırasına düşməklə yanaşı, həm də ölkə millisinə dəvət alıblar. Uğurları bununla tükənməyən güləşçilərimiz mütəmadi olaraq Bakı şəhərində təşkil edilən Rəşid Məmmədbəyov, şəhid Muşfiq İsayev, “Olimpiyaçılar aramızda” və digər turnirlərdə iştirak etməklə muxtar respublikaya daim medallarla qayıdıblar. Eyni zamanda pəhləvanlarımız 2013-cü ildə Naxçıvanda təşkil olunan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirin qalibi adını da qazanıblar.
Milli irsimizə və ənənələrimizə bağlılıqdan irəli gələn güləş eyni zamanda Azərbaycanın və azərbaycanlıların gücünü nümayiş etdirir. Ali Məclis Sədrinin dediyi kimi: “Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın əsasında sağlam mübarizə dayanır. Mübarizə isə iradə, cəsarət və fiziki hazırlıq tələb edir. Hər bir idmançı qələbəyə gedən yolun bu 3 amildən asılı olduğunu unutmamalı, daim özünü fiziki cəhətdən hazırlamalı, yarışlarda əsl mübarizlik göstərməlidir”.
Güləş mübarizəni sevən idmandır. Mübariz insanlar isə Vətənini sevir. Vətənin mübariz insanları var olduğu təqdirdə, Azərbaycan hər zaman yaşayacaq, dünya arenalarında dalğalandırdığı üçrəngli bayrağı ilə var olduğunu sübut edəcək!
Ceyhun Məmmədov