Naxçıvan şəhərindəki Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan” və “Culfa” komandaları arasında cüdo üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər və Culfa Rayon Gənclər və İdman idarələri ilə Uşaq-gənclər idman məktəbinin birgə təşkil etdiyi yarışda 10 çəki dərəcəsindən 50 idmançı iştirak edib.
Yarışın açılışında çıxış edən Naxçıvan Şəhər və Culfa Rayon Gənclər və İdman idarələrinin rəisləri Xəyal Qurbanov və Ümid Həsənli, Uşaq-gənclər idman məktəbinin dərs hissə müdiri Hikmət Hüseynov yarışın keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat veriblər.
Yekun nəticəyə əsasən, culfalı cüdoçular yoldaşlıq görüşündə naxçıvanlı həmkarlarını 6:4 hesabı ilə məğlub etməyi bacarıblar.
Sonda fərqlənən idmançılara diplom və fəxri fərmanlar təqdim edilib.
Ceyhun Məmmədov