İdman sahəsində qazanılan nailiyyətlər dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi səciyyələndirilir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Uğurlu idman siyasətinin nəticəsidir ki, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da idman sahəsində qazanılan uğurlar saysız-hesabsızdır. Bunun səbəbi isə idmana göstərilən diqqət və qayğıdır.
Bir il öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində bədii gimnastika bölməsi yaradıldı. Qısa zaman kəsiyində bu bölmənin fəaliyyət dairəsi genişləndi və hazırda 100-dən çox 3-11 yaşlı qızlar bu idman növü ilə məşğul olur. Aktyorluq, balet, musiqi və pantomim ilə birlikdə edilən bədii gimnastikanın özünəxas qaydaları və qiymətləndirmə sistemi var. Qız uşaqlarının fiziki tərbiyəsində mühüm rol oynayan bədii gimnastika onlarda elastik və çevik hərəkətlərin meydana gəlməsinə imkan yaradır. Bu idman növündə insanın hər bir hiss və həyəcanı bədənin müəyyən hərəkəti ilə müşayiət olunur.
Həm də incəsənət kimi göstərilən bu növ özündə iki yarış proqramını birləşdirir: fərdi çıxışlar və qrup hərəkətləri. Hər bir qrup komandası 5 əsas və 1 ehtiyatda olan gimnastdan ibarət olur və ehtiyatda olan gimnast 2 hərəkətdən birində çıxış etməlidir. Bədii gimnastika sırf qadın idman növüdür və ölçüsü 13x13 metr olan xüsusi xalçada musiqinin müşayiəti ilə yerinə yetirilir.
Gimnastların çıxışı iki hakim briqadası tərəfindən qiymətləndirilir – onlardan biri çətinlik üzrə, digəri isə icra üzrə hakimlik edir. İcra üzrə xallar hesablanarkən artistizm və hərəkətlərin texnikası da nəzərə alınır.
Muxtar respublikada bu idman növünün inkişafı və kütləvi hal alması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. İlk olaraq, Gənclər və İdman Nazirliyinin nəzdində olan bu bölmə üçün zal ayrılıb. Məşqçi-müəllim, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovanın dediklərindən: “Artıq bir ildir ki, fəaliyyət göstəririk. Bu müddət ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə uşaqları bu idman növünə cəlb etmək üçün müəyyən təbliğat işləri aparmışıq. Sevindirici haldır ki, bu gün muxtar respublikada bədii gimnastikaya olan maraq gündən-günə artmaqdadır”.
Bu növü Naxçıvanda kütləvi hala gətirmək üçün lazımi şərait yaradılıb. Məşqçi-müəllim bildirdi ki, bir il ərzində gimnastika ilə məşğul olmaq istəyənlərin sayının çox olması sevindirici haldır: “Yay aylarında müraciət edənlərin sayı daha çox olur və həftənin hər günü məşqlər keçirilir. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq məşqlər günün ikinci yarısında olacaq. Hazırda 100-ə yaxın uşaq gimnastika ilə məşğul olur. Təbii ki, müraciət edən valideynlər yaradılan şəraitdən çox məmnundurlar. Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasının idman zalı bədii gimnastika üçün ayrılıb. Burda uşaqların rahat məşq etməsi üçün xüsusi döşək salınıb. Həmçinin zal gimnastika üçün 13x13 metr olan xüsusi xalça ilə təmin olunub. Bununla yanaşı, zala güzgülər qoyulub. Məqsəd elit idman növü olan bədii gimnastikanı muxtar respublikada kütləvi hala gətirməkdir”.
Ceyhun Məmmədov