Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində stolüstü tennis idman növü üzrə bölmə fəaliyyətə başlayıb. Naxçıvan şəhərindəki Üzgüçülük Mərkəzində həftənin 1, 3 və 5-ci günləri oğlan qruplarına, 2 və 4-cü günləri isə qız qruplarına stolüstü tennisin qaydaları öyrədilir.
Məşqçi Vüqar Tağıyev söhbətində yeni yaradılan bölmə haqda dedi: “Bölməmiz lazımi idman avadanlıqları ilə təmin edilib. Üzgüçülük Mərkəzində yeni tennis stolları quraşdırılıb və bu növlə məşğul olmaq istəyənlər üçün hərtərəfli şərait yaradılıb. İki gündür məşqlərə başlamağımıza baxmayaraq, artıq 20-dən çox yeniyetmə və gənc bölməyə yazılıb. Gənclər və İdman Nazirliyinin əsas məqsədi bu idman növünə olan marağı idman ictimaiyyəti arasında kütləvi hala gətirməkdir”.
Qeyd edək ki, stolüstü tennis idman növü ilə məşğul olmaq istəyənlər Naxçıvan şəhərindəki Üzgüçülük Mərkəzinə müraciət edə bilərlər.
Ceyhun MƏMMƏDOV