Muxtar respublikamızda idmanın inkişafına olan qayğı təkcə olimpiya-idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Son illər idmançılarımız ağırlıqqaldırmanın pauerliftinq növündə ən yüksək nailiyyətlərə imza atıblar və bu da pauerliftinq idman növünə olan marağı artırıb. İndi muxtar respublikanın şəhər və rayonlarında gənclərin bu növlə məşğul olmaları üçün idman zalları fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən bu bölmələrdə hazırda 100-dən çox idmançı var.
Oktyabrın 23-də “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvanda ilk dəfə pauerliftinq idman növü üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə 30-a yaxın idmançı qüvvəsini sınayıb.
Yarışın açılış mərasimindən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra nazirliyin aparat rəhbəri Canməmməd Canməmmədov çıxış edərək idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, muxtar respublika rəhbərinin idmana dəstəyi, idmançılara qayğısı və diqqəti sayəsində Naxçıvan idmanı gündən-günə inkişaf etməkdədir. Naxçıvanda həyata keçirilən idman siyasəti muxtar respublikada sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. İdmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, bütün problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi onların ölkədaxili, eləcə də beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməsini təmin edir. Naxçıvanda idmanın bütün növlərinin gənclər arasında kütləvi hal alması üçün nazirlik tərəfindən müəyyən addımlar atılır. Bu gün muxtar respublikada ilk dəfə olaraq pauerliftinq idman növü üzrə birincilik keçirilir. Birincilikdə muxtar respublikanın bütün şəhər və rayonlarını təmsil edən idmançılar mübarizə aparırlar.
Yarışın keçirilməsində əsas məqsəd gənclərdə sağlam həyat tərzinin aşılanması, muxtar respublikada pauerliftinq idman növünün daha da inkişaf etdirilməsi və kütləviliyinə nail olunması idi. Yarış Beynəlxalq Pauerliftinq Federasiyasının qaydalarına əsasən keçirilib.
Reqlamentə əsasən, birincilik 3 növ üzrə keçirilib. İdmançılar 6 çəki dərəcəsində (70, 75, 80, 85, 90 və 95 kiloqram) mübarizə aparıblar. Yekun nəticəyə əsasən, Xətai Abdullayev (70 kq), Sadiq Məmmədov (75 kq), Emin İmanov (80 kq), Ruslan Səfərov (85 kq), Cavid Qasımlı (90 kq) və Bəhruz Cabbarov (95 kq) üç hərəkətin cəmində bütün rəqiblərini qabaqlayaraq birinciliyin qalibi olublar.
Sonda qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.
Ceyhun Məmmədov