22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarış keçirilib. “A” qrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, “B” qrupunda isə Naxçıvan, Türkiyə, Rusiya və Qazaxıstan komandaları mübarizə aparıblar. Yarışın gedişində olimpiya dərəcəli hakim Bəhmən Talebi ilə görüşüb həmsöhbət olduq: 

– Bu çempionat haqda fikirlərinizi bilmək maraqlı olardı.
– İlk olaraq onu deyim ki, mən artıq dördüncü dəfədir, Naxçıvanda keçirilən yarışlarda iştirak edirəm. Hər dəfə də muxtar respublikada güləş idman növünə göstərilən diqqət və qayğının yeni-yeni nailiyyətlərə yol açdığının şahidi oluram. Bu mötəbər yarışda iştirakçı xarici ölkələrin, Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının güclü gənc idmançıları iştirak edirlər. Bəlkə də buna görədir ki, yarışlara böyük tamaşaçı marağı var. Olimpiya-İdman Kompleksinin tamaşaçılar üçün ayrılan bölümü heç zaman boş qalmır. Demək olar ki, hər bir görüş gərgin mübarizə şəraitində keçir, gənc idmançılar “Naxçıvan Kuboku”nu komandalarına qazandırmaq üçün əllərindən gələni edirlər. Digər bir məsələyə diqqət çəkmək istərdim ki, yarışlar yüksək səviyyədə təşkil olunub, idmançıların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün hər şey düşünülüb, heç bir təfərrüat diqqətdən yayınmayıb. Bütün bunlar Naxçıvanın mötəbər yarışlara ev sahibliyi etməkdə böyük təcrübə qazandığından xəbər verir. Burada olduğum müddət ərzində imkan daxilində idman infrastrukturunun mövcud vəziyyəti ilə də tanış olmuşam. Açığını deyim ki, burada idman quruculuğu istiqamətində görülən işlər məni valeh edib. Bütün bu görülən işlər sübut edir ki, Naxçıvan Muxtar Respublikasında idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən sahədir. Bunun nəticəsidir ki, Naxçıvan idmançıları mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.

– Sizcə, Naxçıvanda bu yarışların keçirilməsi muxtar respublika gənc­liyinə nə qazandırır?
– Bu sualınıza cavab verməzdən əvvəl böyük lider Heydər Əliyevin bir kəlamını xatırlatmaq istəyirəm. Görkəmli dövlət xadimi deyirdi ki, “Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir”. Məncə, belə yarışlar, ümumilikdə, Naxçıvan gənc­liyində idmana həvəs oyadır, onları hər hansı bir idman növü ilə məşğul olmağa, sağlam həyat tərzi sürməyə, fiziki sağlamlıq və fiziki güc potensialını artırmağa sövq edir. İdmançılara gəldikdə isə onu deyə bilərəm ki, muxtar respublikanın gənc idmançıları belə yarışlarda təcrübə qazanır, texniki səviyyələrini gücləndirirlər. İnanıram ki, bu yarışdan sonra da cəldliyin, çеvikliyin, təkbətək mübarizənin simvolu olan güləş idmanına gənclər arasında olan maraq və həvəs artacaq, neçə-neçə valideyn balaca övladının əlindən tutub bu növün sirlərinə dərindən bələd olması üçün idman zalına gətirəcək, onun gələcəyini təcrübəli idman müəllimlərinə həvalə edəcək. Bir faktı da qeyd etmək istərdim ki, Naxçıvanda güləş idman növünün daha da inkişafı üçün həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Dünya Güləş Birliyinin qaydalarına əsasən aparılır. Bu da gələcəkdə muxtar respublikada güləş idman növünün daha da inkişaf edəcəyindən, Naxçıvanda beynəlxalq səviyyəli güləşçilərin yetişəcəyindən xəbər verir.
– Müsahibə üçün sağ olun.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR