İdman sağlamlıqdır, sağlam həyat tərzidir. İdman sağlamlığı və cəmiyyətin inkişafını təmin edən ən vacib sahələrdən biridir. Bu sahə ilə məşğul olan insanlar fiziki cəhətdən sağlam olduqları kimi, ruhən də sağlam, zərərli vərdişlərdən uzaq olurlar. Fiziki cəhətdən qüvvətli insan özünü daha da qətiyyətli, inamlı hiss edir. Hərtərəfli inkişaf etmiş insan həyatda tam iki cür sağlamlığa malik olmalıdır: mənəvi və fiziki sağlamlıq. Bu iki sağlamlığın vəhdətini insana ancaq idmanın verməyə qüdrəti var. Müstəqillik və dövlətçiliyin möhkəmləndirilməsi, etibarlı gələcəyin təminatı əhalinin aktivliyinin artırılmasından asılıdır ki, bunun da əsasını sağlam həyat tərzi təşkil edir.
Ölkənin bütün regionlarında idmanın kütləviliyinin təmin edilməsi, yeniyetmə və gənclərin idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olması üçün idmanın maddi-texniki bazası gündən-günə gücləndirilir. Naxçıvan Muxtar Respublikasında gənc və yeniyetmələrin beynəlxalq arenalarda, yarışlarda, turnirlərdə iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Bu gün Naxçıvanda uşaq, yeniyetmə və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı daim diqqət mərkəzindədir. Onların sağlam həyat tərzinin formalaşmasında və düzgün istiqamətə yönəlməsində idmanın böyük rolu var.
Muxtar respublikada fəaliyyət göstərən və qapıları gənclərin üzünə daim açıq olan idman obyektlərindən biri də Şərur Olimpiya-İdman Kompleksidir. Kompleksin ərazisi 9 hektardır. 2009-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini-futbol, basketbol və voleybol meydançaları, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir.
İstənilən yarışı keçirməyə və təlim-məşq üçün əlverişli olan Olimpiya-İdman Kompleksində hazırda təmir işləri aparılır. Kompleksin direktoru Rza Camalov aparılan işlərlə bağlı bizimlə söhbətində bunları dedi: “Uzun müddətdir, idmançıların ixtiyarında olan Şərur Olimpiya-İdman Kompleksində təmir işləri davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin balansında olan kompleksdə işıq və su sistemləri yenidən çəkilir, stadionun oturacaqları dəyişdirilir, üzgüçülük hovuzu təmir olunur. Kompleksin tərkibində olan mehmanxanada da cari təmir işləri aparılır, ərazidə yeni gül kolları əkilir. Mini-futbol meydançalarımızda da təmir işləri aparılır”.
Geniş yaşıllıq sahəsi ilə əhatə olunmuş kompleksin ərazisində abadlıq işləri həyata keçirilir. Bütün bunlara baxmayaraq, bir çox idman növləri üzrə məşğələlər də davam etdirilir. Rza Camalovun dediklərindən: “Kompleks fəaliyyətə başladığı dövrdən burda basketbol, voleybol, əltopu, güləş, ağır atletika, trenajor və boksla məşğul olmaq imkanı yaradılıb. İdman meydançamızda isə futbol və futzal, basketbol, tennis oyunları üçün bütün şərait var. Həmçinin kompleksdə üzgüçülüklə də məşğul olmaq mümkündür. Sadaladığımız bu idman növlərində peşəkar mütəxəssislərin çalışdığını da vurğulamaq istərdim. Məşqçilərin nəzarəti altında müntəzəm olaraq məşqlər aparılır”.
Həmsöhbətimiz dedi ki, yaradılan şəraitdən təkcə peşəkar idmançılar yox, həmçinin həvəskar idmançılar da istifadə edirlər: “Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları, Şərur Rayon Gənclər və İdman İdarəsi ilə birgə işləyirik. Bunlarla yanaşı, bizə Şərur rayonunda fəaliyyət göstərən qurumlar, ictimai birliklər, dövlət orqanları, özəl sektoru təmsil edən müəssisələr məşq etmək, futbol oynamaq üçün müraciət edirlər. Təbii ki, onların bu təklifləri bizi sevindirir. Çünki kompleksin bu cür fəaliyyət göstərməsi, insanların idman sahəsinə hədsiz marağı diqqəti cəlb edir. Çalışırıq ki, dövlətimizin qurduğu bu idman obyektindən səmərəli istifadə olunsun”.
Ceyhun Məmmədov