22 Dekabr 2024, Bazar

Cəmiyyətin sağlam şəkildə formalaşması vacib olduğu kimi, idmanın kütləvi hal alması, istedadlı idmançıların üzə çıxması və onların uğur qazanması üçün müəyyən edilmiş standartlara cavab verən idman obyektlərinin olması da vacibdir. Naxçıvan Muxtar Respublikasında bu sahənin inkişafı və geniş yayılması, cəmiyyətin sağlam ruhda formalaşması üçün idman kompleksləri, zalları, obyektləri istifadəyə verilib. Bu da idmançılarımızın əldə etdikləri qələbələrdə mühüm amillərdən biridir.
Ölkə başçısının idman sahəsində apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Naxçıvanda idman infrastrukturunun gündən-günə yenilənməsi, yeni idman obyektlərinin istifadəyə verilməsi idmançılarımızın beynəlxalq arenalarda uğurlu çıxışına zəmin yaradıb. Belə idman obyektlərindən biri də Naxçıvan şəhərində yaradılmış Üzgüçülük Mərkəzidir. Müasir dövrümüzdə üzgüçülük dünya arenalarında ən geniş yayılmış idman növüdür. Səbəbi isə çox sadədir: bu növ ideal bədən və əzələ quruluşuna sahib olmağımız üçün xüsusi əhəmiyyətə malikdir.

Üzgüçülük Mərkəzində bu idman növünün sirlərini öyrənmək üçün hərtərəfli şərait yaradılıb. İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbovla söhbətimiz, ilk olaraq, bu idman növünün faydaları barədə oldu: “Üzgüçülüyün insan orqanizminə müsbət təsir göstərməsi üçün mütəmadi olaraq, xüsusilə də yay aylarında bu idmanla məşğul olmaq lazımdır. Bu idman növü eyni zamanda insanlarda qavrama qabiliyyətini inkişaf etdirir. Üzgüçülüklə məşğul olarkən əməl edilməli olan əsas qaydalardan biri də kifayət qədər maye qəbul etməkdir. Bu yolla insan itirdiyi enerjini tez zamanda bərpa edə bilər. Üzmək təzyiq və ürək problemi olan xəstələrə də müsbət təsir edir. Üzməkdən əvvəl və sonra edilən hərəkətlər isə əzələləri gücləndirir. Bununla yanaşı, üzgüçülük həm də beyin üçün faydalıdır. Bu qənaətə gəlmək üçün mütəxəssislər uzunmüddətli təcrübə işləri aparıblar. Üzgüçülük beyində qanın yaxşı işləməsinə səbəb olur. Bədəndəki adrenalinin miqdarını yüksəldir ki, bu da damarları rahatlaşdırır. Odur ki, hər bir insanın bu idman növü ilə məşğul olması məsləhətdir. İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzinin qapıları daim üzgüçülük həvəskarlarına və bu sahənin idmançılarına açıqdır”.
“Ancaq üzgüçülüyün yuxarıda sadaladığımız faydaları ilə yanaşı, bəzi mənfi tərəfləri də var”, – deyən Ramin Talıbov bu idman növünün xüsusi diqqət tələb etdiyini vurğuladı: “Bəzi hallarda insanların diqqətsizliyi nəticəsində üzdükdən sonra onlarda spazma yarana bilir. Bu kimi təhlükələrdən uzaq olmaq üçün üzdükdən sonra saçları yaxşı qurulamaq, bədəni soyuqdan qorumaq lazımdır”.
Kompleksin direktoru bildirdi ki, yay mövsümündə bura müraciət edənlərin sayı daha çox olur. “Məqsədimiz üzgüçülüklə məşğul olmağa gələn insanların rahatlığını təmin etməkdir. Yay aylarından başlayaraq bu idman növünə olan maraq da xeyli artıb”, – deyən Ramin Talıbov Üzgüçülük Mərkəzində fəaliyyət göstərən qruplar haqda da məlumat verdi. O vurğuladı ki, hazırda Üzgüçülük Mərkəzində iki qrup fəaliyyət göstərir. Həftənin 3 günü qadınlar qrupu, digər günlərdə isə kişilər qrupu mərkəzin xidmətlərindən yararlanırlar. Bununla yanaşı, 3 müəllim bura gələn insanlara üzməyi öyrədir: bunların ikisi kişi, biri qadındır. Üzgüçülük Mərkəzində Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, mütəmadi olaraq uşaq, yeniyetmə və gənclər arasında yarışlar təşkil edilir. Keçirilən hər yarışda iştirakçıların sayının artması bu növə marağın yüksək olduğundan xəbər verir.
Bəs Üzgüçülük Mərkəzinə marağın artmasının səbəbi nədir? Ramin Talıbovun dediklərindən: “Kompleks müasir standartlara cavab verir və burda yaradılan şərait insanların tam tələbatını ödəyir. Gün ərzində mərkəzin hovuzunda 10 ton su 3 filtr vasitəsilə yenilənir və hovuz daim təmiz olur. Həmçinin idmançıların və digər insanların həyati təhlükə ilə üz-üzə qalmaması üçün xilasedicilər də var. Onlar hər zaman burda olur və daim hovuzda olanları diqqətdə saxlayırlar”.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR