Naxçıvan Şəhər Şahmat Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr arasında şahmat üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Şəhər Uşaq-gənclər şahmat məktəbinin birgə təşkil etdiyi birincilikdə 8-12 yaş qruplarında 60-a yaxın oğlan və qız şahmatçı iştirak edib. İsveçrə sistemi üzrə 7 turdan ibarət olan yarışın açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, bu yarışı keçirməkdə məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarının daha səmərəli təşkil edilməsindən ibarətdir. Sonra Naxçıvan Şəhər Uşaq-gənclər şahmat məktəbinin direktoru Emin Hacıyev çıxış edərək yarışın qaydaları haqqında şahmatçılara məlumat verib.
Yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında Əbülfəz Məmmədli, Əli Həsənov, Əli və Əjdər Rzalı, qızların mübarizəsində isə Azərin Cəfərli, Azərin Məmmədli və Səma Sadiqova müvafiq yaş qruplarında bütün rəqiblərinə qalib gələrək birinci olublar.
Sonda hər yaş qrupunda qalib gələn idmançılara diplomlar təqdim edilib.
Ceyhun MƏMMƏDOV