22 Dekabr 2024, Bazar

İdman böyük təbliğat vasitəsidir. İdmançılar dünyanın əksər ölkələrində bir sıra peşə sahiblərindən daha çox tanınır, böyük sevgi ilə qarşılanır. Bu rəğbətin əvəzində isə onlar arenalarda azarkeşlərə əsl mübarizənin nə olduğunu nümayiş etdirməyə çalışırlar. Bütün sahələr maraqlı, çətin olduğu qədər, eyni zamanda məsuliyyətlidir: insanın bu məsuliyyəti dərk etməsi və onu sevməsi işini ikiqat çətinləşdirir. İdman sahəsində məsuliyyətli sənətlərdən biri məhz məşqçilikdir. Bu sahə onunla məşğul olan insandan yüksək bacarıq, dözüm, səbir, ustalıq, peşəkarlıq tələb edir. Son dövrlər dünya idmanında yaxşı məşqçi termini geniş yayılıb. Bəs yaxşı məşqçi kimdir? Cavabı qısa və sadədir: idmançılar üçün həm yaxın dost, yaxşı psixoloq, həm də arxa, kömək. Bu cür məşqçilər Naxçıvan Muxtar Respublikasında kifayət qədərdir. Belə mütəxəssislərdən biri də boks üzrə muxtar respublika yığmasının baş məşqçisi, “Tərəqqi” medallı Məmmədəli Eyvazovdur.

Baş məşqçi hər bir idmançını istedadından qabiliyyətli icraçıya, sahib olduğu ehtiyat imkanlarından tam istifadə etməyi öyrətməklə yanaşı, şüurlu olaraq ona bunu qavramağı da öyrətməlidir. Ona görə ki, hər istedad xərclənməmiş bir xəzinədir və onun açarı məşqçidir. Uzun illər peşəkar idmanla məşğul olan Məmmədəli Eyvazov da bu fikirdədir: “1972-ci ildən boksla məşğul olmağa başlamışam. İdmançı kimi Azərbaycan çempionu və mükafatçısı olmuşam. Bununla yanaşı, bir çox ölkə­daxili yarışları da qalib kimi başa vurmuşam. 80-ci illərdə Rusiyanın Volqoqrad şəhərində yaşasam da, idmanı buraxmamışam və bir müddət burda karyeramı davam etdirmişəm. İdmançı kimi qazandığım uğurları məşqçilik sahəsində 90-cı illərin əvvəllərində sınaqdan keçirmişəm. Amma tam olaraq 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Boks Federasiyası yarandığı vaxtdan məşqçi kimi mütəmadi olaraq fəaliyyətimi davam etdirmişəm”.
Muxtar respublikanın boks yığmasının baş məşqçisi olan Məmmədəli müəllim Azərbaycan boksuna bir çox istedadlı gənc bəxş edib: “Naxçıvanda boksun qədim tarixi var. Bu idman növünə maraq daim olub. Məşqçi kimi fəaliyyətim dövründə bir çox yetirməm ölkə çempionu olmaqla yanaşı, Azərbaycan yığmasının heyətində dünya və Avropa birinciliklərində iştirak edib, mükafatçılar sırasına düşüb. Bu müddət ərzində Naxçıvan boksu Nəimi Babayev, Aqil Qələndərov, Elvin Rüstəmov, Vüqar Kərimov, Fərid Quliyev, Telman Qafarov, Sabir və Samir Abbasov qardaşları kimi idmançılar yetişdirib. Son olaraq isə Tayfur Əliyevin qazandığı uğur bir daha sübut etdi ki, muxtar respublikada digər idman növləri ilə yanaşı, boks da hər zaman diqqət mərkəzindədir”.
Məmmədəli Eyvazovun məşqçi kimi əldə etdiyi bu uğurlardan sonra ölkə Prezidenti onu “Tərəqqi” medalı ilə mükafatlandırıb. Məmmədəli müəllim birinci Avropa Oyunlarından sonra Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.
Məmmədəli Eyvazov “peşəkar məşqçi necə olmalıdır?” sualına bir qədər fərqli yanaşır: “Peşəkar məşqçi idmançının etdiyi hər bir hərəkətə cavabdehdir. O, öz həyatı və yaradıcılığı ilə idmançılarına nümunə olmalıdır. Məşqçi yetirməsinə peşəkar idmançı, peşəkar məşqçi və peşəkar idarəçinin necə olduğunu izah etməyi bacarmalıdır. Bununla yanaşı, o, idmançılarına döyüşməyi, işgüzarlığı ilə düşünməyi öyrətməlidir. Peşəkar olmayan məşqçi peşəkarlıqdan danışa bilməz. Və sonda peşəkar məşqçi yetirmələrinə gördüyü işə, qabiliyyətə və qazandığı bacarığın artım səviyyəsinə görə qiymət verməlidir”.
Hazırda boks üzrə Naxçıvan yığmasının baş məşqçisi olan Məmmədəli Eyvazovun 25-dən çox fərdi halda çalışdırdığı boksçu var: “Naxçıvanda istedadlı gənclər kifayət qədərdir. Bizim də məqsədimiz onları üzə çıxarmaq və ölkədaxili keçirilən yarışlarda iştiraklarını təmin etməkdir. Bacarıqlı, istedadlı və gələcəkdə uğur qazana biləcək yeniyetmə və gənc­ləri yığmaya dəvət etmişik. Onlar arasında İbrahim Cəfərzadə, Nihad Quliyev, Əli Səfərov, Nihad Oruc­ov kimi gənc, ölkə birinciliklərində mükafatlar qazanmış boksçular var və inanırıq ki, gələcəkdə bu idmançılarımız Avropa və dünya çempionatlarında Naxçıvanı layiqincə təmsil edəcəklər”.
“Boksun inkişafı üçün mütəmadi olaraq yarışlar təşkil etmək lazımdır ki, boksçuların təcrübəsi artsın. Bu tipli yarışların keçirilməsi üçün şərait yaradılıb və biz məşqçilər bundan yararlanmağa çalışırıq. Keçirilən yarış və turnirlərdə istedadlı gəncləri yığmaya dəvət edirik və onlarla fərdi olaraq məşq aparırıq. Gələcəkdə bu gənc­lər Naxçıvan boksunun layiqli təmsilçiləri olacaqlar”, – deyən Məmmədəli Eyvazov sonda yaradılan şəraitə görə muxtar respublika rəhbərinə, Boks Federasiyasına və Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirdi.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR