Muxtar respublikamızda həyata keçirilən idman siyasəti öz bəhrələrini verir. İdman federasiyaları tək Naxçıvanda deyil, eyni zamanda ölkəmizdə və ölkədən kənarda qazandıqları uğurlarla bu işin hədər getmədiyini nümayiş etdirməkdədir.
Təbii ki, burda əsas amil idmanın müxtəlif növlərinin inkişafına yaradılan şəraitdir. Onu da qeyd edək ki, idmanın individual sahələri ilə yanaşı, komanda oyunlarına yeniyetmə və gənclərin axını kollektiv idman növlərinin daha geniş yayılmasına imkan yaradıb. Belə idman növlərindən biri də basketboldur. Muxtar respublikada bu idmanın inkişafı, kütləviləşməsi və gənclər arasında yayılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Məlumat üçün bildirək ki, basketbol idman növü 1891-ci ildə Amerika Birləşmiş Ştatlarında yaranmışdır.
Azərbaycanda bu idman növünün inkişafı ötən əsrin 30-cu illərinə təsadüf etsə də, geniş vüsət alması ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısı ölkəmizdə digər idman növləri ilə yanaşı, basketbolun inkişafını da daim diqqətdə saxlayır.
Bu idman növünün inkişafı muxtar respublikamızı da əhatə edib. Yaradılan federasiya qısa zaman kəsiyində gördüyü işlərlə basketbolun inkişafına töhfəsini verib. Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov söhbət zamanı ilin ötən dövründə görülən işlər barədə qısa məlumat verdi: “Geridə qoyduğumuz müddətdə federasiya Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə bir çox idman tədbirləri həyata keçirib. Gəncləri bu sahəyə cəlb etmək üçün komandalar arasında mütəmadi olaraq yoldaşlıq görüşləri təşkil olunub. Təbii ki, yoldaşlıq görüşlərini keçirməkdə məqsədimiz həm bu idman növünün inkişafını sürətləndirmək, həm də istedadlı gəncləri üzə çıxarmaqdır. İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş basketbol üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika turniri də yaddaqalan olub. 2015-ci ilin ilk yarısında federasiya şəhər və rayonlarda məşqçilərin fəaliyyəti ilə mütəmadi maraqlanıb, idmançıların tələb və təkliflərini dinləyib, qruplar idman ləvazimatları ilə təmin ediliblər. Hazırda fəaliyyət göstərən bu qruplarda 150-dən artıq idmançı basketbolla məşğul olur”.
Federasiyanın sədr müavini 2015-ci ilin ikinci yarısında görüləcək işlər barədə də məlumat verdi: “Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədən sonra federasiyanın qarşısına qoyulan vəzifələr və onların yerinə yetirilməsi üçün cari ilin ikinci yarısında nazirliklə birgə bir çox tədbirlərin həyata keçirilməsinə başlamışıq. Komandalar arasında yoldaşlıq görüşləri təşkil edilib, istedadlı gənclər yığmanın heyətinə cəlb olunub. Federasiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə cari ildən başlayaraq ilk dəfə basketbol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika çempionatına start verib. Artıq çempionatın ilk dövrəsi başa çatıb. İkinci dövrəyə isə sentyabrın 27-də start veriləcək ki, bu da əsasnaməyə uyğun olaraq dekabrın 27-də yekunlaşacaqdır. Bizim məqsədimiz muxtar respublikada bu idman növünün inkişafı, ən yaxşı basketbolçuları üzə çıxarmaq və basketbol üzrə muxtar respublika yığmasını müəyyənləşdirməkdir”.
Ceyhun Məmmədov