21 Dekabr 2024, Şənbə

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birgə yığıncaq keçirib. Yığıncaqda nazirlik və idman federasiyaları tərəfindən ötən il ərzində görülən işlərin nəticələrindən söhbət açılıb, cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, 2012-ci ildə muxtar respublikanın kənd və qəsəbələrində kütləvi idman tədbirlərinin keçirilməsi nəzarətdə saxlanılıb, respublika və beynəlxalq miqyaslı yarışlarda idmançıların iştirakına diqqət artırılıb. Ötən müddət ərzində idman sahəsində perspektiv vəd edən gənclərin yetişdirilməsi, istedadlı uşaqlar barədə məlumat bazasının yaradılması, ayrı-ayrı federasiyalar üzrə tanınmış məşqçi və mütəxəssislərin muxtar respublikaya dəvət edilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Muxtar respublikada gənc nəslin sağlam və təhsilli böyüməsi, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, uşaqların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə müxtəlif tədbirlər həyata keçirilib, əlaqədar qurum və təşkilatlar tərəfindən müvafiq işlər görülüb.
Nazir bildirib ki, məşqçilərin attestasiyasının keçirilməsi, hakim və məşqçilərin ustalığının artırılması, ehtiyacı olan idmançıların idman ləvazimatları ilə təmin olunmasına da xüsusi diqqət yetirilib. Ötən il muxtar respublika 3 beynəlxalq yarışa, bir Azərbaycan çempionatına evsahibliyi edib. 2012-ci ildə ayrı-ayrı növlər üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 6, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 14, beynəlxalq yoldaşlıq görüşlərində 12, Azərbaycan birinciliklərində 70 və paralimpiya oyunlarında 1 medal qazanıblar. Nazirlik idman məşqçiləri və hakimlərinin attestasiyasının keçirilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə İslam Hümbətov adına Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin məşqçilərinin attestasiyasını təşkil edib.

Ardını oxu...

Dünən Babək rayonunun Qoşadizə kənd tam orta məktəbinin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Babək və Culfa rayonlarının komandaları arasında keçirilən yarış gərgin və maraqlı olub. Yoldaşlıq görüşündə Culfa rayon basketbolçuları rəqibləri üzərində 52:48 hesablı qələbə qazanıblar. Sonda hər iki komandaya qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, belə yarışların keçirilməsində məqsəd gənc nəslin asudə vaxtını səmərəli təşkil etmək, komandaların ustalıq səviyyəsini artırmaq və bölgələrdə idmanın kütləviliyinə nail olmaqdan ibarətdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dama üzrə şəhər turniri keçirilib. Turnirdə 68 idmançı mübarizə aparıb. Yarışın yekun  nəticəsinə görə, Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin komandası turnirin qalibi olub. 14 və 12 nömrəli tam orta məktəblərin komandaları isə ikinci, üçüncü yerləri bölüşüblər. Turnirdə fəxri yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, 22 dekabr 2012-ci il tarixdən etibarən paytaxt Bakı şəhərində keçirilən kişilər arasında basketbol üzrə 20-ci Azərbaycan çempionatı davam edir. Çempionatda muxtar respublikamızı təmsil edən Naxçıvan Türk Liseyinin komandası birincilik uğrunda gərgin mübarizə aparır.
Yarışda fəallığı davam etdirən təmsilçilərimiz növbəti qələbəni Bakı Dövlət Universitetinin komandası ilə qarşılaşmada əldə ediblər. Bu görüşdə rəqibi 103-67 hesabı ilə məğlub edərək Bakının “Qala” komandası ilə eyni xala sahib olan basketbolçularımız yarışda top sayına görə birinci və ikinci yerləri bölüşüblər.

Xəbərlər şöbəsi

İslam Hümbətov adına Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində cüdo üzrə daxili birincilik keçirilib. Üç yaş qrupu üzrə keçirilən yarışda 70-dən çox idmançı öz qüvvəsini sınayıb. Birincilikdə məktəbin yetirmələrindən Rəsul Əmirov, Sunay Cəfərli, Fuad Əşrəfli, Nihad Qarayev, Əsgər Hüseynov, Amal Süleymanov, Kamil Qurbanlı, Elcan Babayev, Vüqar Allahverdiyev, Kürşad Teymurlu, Kazım Budaqov, Ramil Mahmud­ov, Sadiq Əliyev, Ruslan Babayev, Seyfulla Mehdiyev və Ruhin Mehdiyev qalib olublar.
İstedadlı idmançıları üzə çıxarmaq, onların ustalıq səviyyəsini yüksəltmək məqsədilə keçirilən yarışın qaliblərinə diplomlar verilib.

Xəbərlər şöbəsi

Paytaxt Bakı şəhərində keçirilən kişilər arasında basketbol üzrə 20-ci Azərbaycan çempionatında muxtar respublikamızı təmsil edən Naxçıvan Türk Liseyinin komandası daha bir rəqibini məğlub edib. 6 komandanın mübarizə apardığı çempionatda təmsilçilərimiz növbəti oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasına 101-74 hesabı ilə qalib gəliblər. Komandamızın qarşıdakı oyunu Bakı Dövlət Universitetinin basketbolçuları ilə olacaq.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Yanvar ayının 9-dan 10-dək paytaxt Bakı şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Turnirdə muxtar respublikamızın bir idmançısı mükafatçılar sırasına düşüb. Belə ki, bu yarışda 63 kiloqram çəki dərəcəsində muxtar respublikamızı təmsil edən Təbriz Məmmədov finala qədər yüksələ bilib. Lakin həlledici görüşdə üstünlüyü əldən verərək ikinci yerlə razılaşmalı olub. Fəxri yeri tutan idmançımız diplom və qiymətli hədiyyə ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şərur və Ordubad rayonlarında idman yarışları keçirilib. Səkkiz komandanın mübarizə apardığı voleybol üzrə Şərur rayon birinciliyində Çərçiboğan, Yengicə və Aşağı Yaycı kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Basketbol üzrə Ordubad rayon birinciliyində isə 6 komanda iştirak edib. Yarışda Ordubad şəhər 1 nömrəli tam orta məktəbin komandası birinci, 3 nömrəli tam orta məktəbin basketbolçuları ikinci, Gənzə kənd tam orta məktəbinin təmsilçiləri isə üçüncü yerləri tutublar.
Müsabiqə və idman yarışlarında fəxri yerləri tutan iştirakçılara Gənclər və İdman idarələri ilə Təhsil şöbələrinin diplomları və hədiyyələr verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Ötən ilin dekabr ayının 22-də Bakı şəhərindəki Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilməsinə başlanan kişilər arasında basketbol üzrə XX Azərbaycan çempionatı davam edir. Çempionatda beş komanda – “Qala”, “NTL-Tudor”, “AzTOP”, “BDU” və “Gəncə” komandaları birincilik uğrunda mübarizə aparır.
İlk turda basketbolçularımızdan ibarət “NTL-Tudor” komandası “Gəncə” kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyun “NTL-Tudor”un 85-59 hesablı qələbəsi ilə başa çatıb. Basketbolçularımızın növbəti rəqibi Bakının “AzTOP” komandası olub. Qarşılaşma 84-74 hesabı ilə həmyerlilərimizin xeyrinə başa çatıb. Çempionat davam edir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə birincilik keçirilib. Yarışa oğlanlar və qızlardan ibarət 30-dan artıq idmançı qatılıb. Birincilikdə oğlanlar və qızlar arasında Çərkəz Əkbərov ilə Xurşud Mahmudov qalib olublar. Digər iştirakçılardan Vəli Qasımov, Türkanə Hüseynova ikinci, Mahmud Babayev ilə Nazan Nağıyeva isə üçüncü yerləri tutublar. Fəxri yerlərə layiq görülən idmançılara Şərur Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidmət

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda 11 çəki dərəcəsində 90-a yaxın idmançı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə müvafiq çəkilərdə Kamal Nəzərəliyev, Aydın Əliyev, Əbülfəz Məmmədov, Bəylər Kərimov, Əli Haqverdiyev, Əliyəddin Mehdiyev, Eltun Həsənov, Məzahir İsmayılov, Abdulla İsmayılov, Fərid Rüstəmov və Əli Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qalib idmançılara diplomlar verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən idman sahəsində 2012-ci ilin ən yaxşılarının adları açıqlanıb. Bununla bağlı keçirilən tədbirdə bu ilin ən yaxşı idmançıları, hakimləri, idman federasiyaları və klubları nominasiyalarının qalibləri müəyyən edilib. Bu nominasiyalar çərçivəsində İslam Hümbətov adına Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbi ilin ən yaxşı idman klubu nominasiyası üzrə fərqlənənlərin sırasına düşüb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Naxçıvan Dövlət Universiteti ilə Culfa rayon komandaları arasında keçirilən yoldaşlıq görüşü başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi Aparatının məsləhətçisi, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev, Naxçıvan Dövlət Universitetinin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oktay Rzayev çıxış edərək komandalara uğurlar arzulayıblar. Sonra komandalar qüvvələrini sınayıblar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, voleybol idman növünə marağı artır­maq və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyıb. Yoldaşlıq görüşü Naxçıvan Dövlət Universiteti komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim olunub.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş futzal üzrə muxtar respublika turnirinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda üçüncü və dördüncü yerlər uğrunda Culfa və Kəngərli rayonlarının komandaları qarşılaşıb. Oyunda Culfa rayon komandası rəqibini 4:1 hesabı ilə məğlub edərək üçüncü yerə layiq görülüb. Naxçıvan şəhər və Şərur rayon komandaları arasında keçirilən final görüşü isə Naxçıvan şəhər təmsilçilərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, turnirdə Naxçıvan şəhər, Şərur və Culfa rayonlarının komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Təltifetmə mərasimində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək belə tədbirlərin təşkilinin vətəndaşlarımızın sağlamlığına, asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət etdiyini vurğulayıb, qalib komandaları təbrik ediblər. Sonra fəxri yerləri tutan komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının diplomları, kubok və qiymətli hədiyyələri təqdim olunub. Həmçinin fərqlənmiş ən yaxşı idmançılara Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının hədiyyələri verilib.

 

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Dekabr ayının 22-də Bakı şəhərində kişilər arasında basketbol üzrə XX Azərbaycan çempionatına start verilib. Çempionatda muxtar respublikamızı Naxçıvan Türk Liseyinin komandası təmsil edir. Yarışa fəal qoşulan təmsilçilərimiz artıq ilk qələbəni əldə ediblər. Belə ki, birinci görüşdə Gəncə komandası ilə qarşılaşan naxçıvanlı basketbolçular mübarizəni 83:57 hesabı ilə başa çatdırıblar.


R.Bünyadov

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş futzal üzrə muxtar respublika turnirinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkil etdikləri yarışda 8 komanda iştirak edir. Muxtar respublikanın rayon və şəhərlərinin Yeni Azərbaycan Partiyasının üzvlərindən ibarət komandalarının yarışdığı turnir “A” və “B” yarımqruplarında keçirilir. Öz yarımqruplarında birinci və ikinci yerləri tutan komandalar növbəti mərhələdə mübarizəni davam etdirəcək. Yarış dekabrın 22-də başa çatacaqdır.

* * *

Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin komandaları arasında isə stolüstü tennis üzrə birincilik keçirilib. Olimpiya sistemi ilə keçirilən yarışda 16 komanda mübarizə aparıb. Gərgin mübarizədən sonra Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. 15 və 16 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər. Fəxri yerləri tutan komandalara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin diplomları verilib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

   Dekabrın 15-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində MMA Qran-Pri üzrə Şərqi Avropa Çempionatı keçirilib.
   Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Döyüş Sambosu Federasiyası və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkil etdikləri çempionatın açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin və Şərur yallı rəqs qrupunun ifası mərasim iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
   Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizin idman ənənələrindən, Azərbaycanda, eləcə də muxtar respublikamızda gənc nəslin sağlam böyüməsinə, idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. Çıxışında Azərbaycan idmanının inkişaf tarixindən söhbət açan nazir qeyd edib ki, ölkəmizdə idmanın inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi idman siyasəti bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz yeni-yeni uğurlara imza atmaqdadır. 2012-ci ildə XXX London Yay Olimpiya Oyunlarında 10, XIV Yay Paralimpiya Oyunlarında 12 medalın qazanılması, əldə edilən ardıcıl nailiyyətlər Azərbaycanda idmanın sürətli inkişafından xəbər verir.
     Bildirilib ki, muxtar respublikada idman hər zaman diqqət mərkəzində saxlanılan və təbliğ edilən sahədir. Naxçıvan idmançıları ölkə yığmasının tərkibində mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar. Son illərdə yaradılan müasir idman infrastrukturu Naxçıvanda müxtəlif beynəlxalq yarışların keçirilməsi üçün də geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq muxtar respublika beynəlxalqmiqyaslı yarışlara ev sahibliyi edir. Belə yarışların təşkilində və keçirilməsində artıq kifayət qədər təcrübə əldə olunub. İlham Əliyev adına Olimpiya İdman Kompleksində MMA Qran-Pri üzrə Şərqi Avropa Çempionatının keçirilməsi muxtar respublikanın müxtəlif idman növləri üzrə beynəlxalq yarışların təşkili üçün əlverişli məkana çevrildiyinin göstəricisidir.

Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birincilik keçirilib. Yarışda 14 komanda mübarizə aparıb. Gərgin mübarizədən sonra Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbin komandası yarışın qalibi adını qazanıb. 6 və 13 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər. Qalib komandalara diplomlar verilib.

Sərbəst güləş üzrə yarış

      Şərur rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib. Yarışda 12 çəki dərəcəsində 50-dən çox güləşçi mübarizə aparıb. Yarışın yekun nəticəsinə görə, müvafiq çəkilərdə Rəcəb Əsədli, Məhəmmədəli Rəsulov, Kənan Əsədli, Hüseyn Qurbanov, Yusif Əhmədli, Xəzər Əlizadə, İsmayıl Əliyev, Məhəmməd Mahmudov, Kamran Hüseynov, Səfər Bayraməliyev, Vüqar Hüseynov və Əmrah Əhmədov birinciliyin qalibləri olublar. Qalib idmançılara diplomlar verilib.

Ardını oxu...

Dünən İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda “2012-ci il idman ilidir” devizi altında muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə birincilik keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birinciliyi Yüngül  Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıq elan edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Yarışın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafından danışıb.
    Qeyd olunub ki, bu il XXX London Yay Olimpiya Oyunlarında 10, XIV Yay Paralimpiya Oyunlarında isə 12 medalın qazanılması Azərbaycanda idmanın sürətli inkişafından xəbər verir.
    Vurğulanıb ki, muxtar respublikamızda idman sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası gücləndirilib. İdman və bədən tərbiyəsinin inkişafı naminə həyata keçirilən tədbirlər muxtar respublikamızın idman imicini xeyli yüksəldib, regionumuz beynəlxalq yarışların keçirildiyi idman mərkəzinə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası XI futbol çempionatında VI turun oyunları keçirilib. Turun ilk oyunu – “Əlincə”-“Universitet” görüşü böyük marağa səbəb olub. Culfa rayonunun futbolçuları bütün oyun ərzində “Univer­sitet”in təzyiqinə davam gətirməyərək 5:0 hesablı məğlubiyyətlə barışıb. Turun digər görüşü “Batabat” və “Kəngərli” komandaları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən bu oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
    Turnir cədvəlində liderliyi ələ keçirən “DİN FK” qalib ənənəsinə sadiq qalaraq “Babək” komandasını məğlubiyyətə uğradıb: 4:1.
    “Dübəndi” komandası çempionatda ikinci qələbəni qazanıb. Ordubadlılar “Sədərək” komandasını 2:1 hesabı ilə məğlub edib.
    Beləliklə, VI turun oyunlarının nəticələri aşağıdakı kimi olmuşdur:

    “Əlincə”-“Universitet” 0:5
    “Batabat”-“Kəngərli” 3:0
    “DİN FK”- “Babək” 4:1
    “Dübəndi”- “Sədərək” 2:1

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR