Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start verilib.
Bu il keçirilən dünya çempionatında əvvəlki yarışlardan fərqli olaraq dünyanın ən güclüləri mübarizə aparırlar. Birinci Avropa Oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilən qitə çempionatında isə 1-6-cı yeri tutanlar Qətərdə təşkil olunan yarışa vəsiqə qazanıblar. Bu dünya çempionatı Rio-de Janeyro Olimpiadasına lisenziya xarakterlidir. Qətərdəki dünya çempionatından 23 boksçu olimpiadaya lisenziya qazanacaq. 49, 52 və 81 kiloqram çəki dərəcələrində 1-2-ci, 56, 60, 64, 69, 75 kiloqram çəki dərəcələrində 1-3-cü, 91 və 91+ kiloqram çəki dərəcələrində isə yalnız qaliblər olimpiadaya vəsiqə əldə edəcəklər.
73 ölkənin 260 boksçusunun qüvvəsini sınadığı çempionatda Azərbaycan millisi də çıxış edir. Sevindirici haldır ki, Dohaya millimizin heyətində Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev də yollanıb. 56 kiloqram çəki dərəcəsində rinqə çıxan dünya çempionatının debütantı Tayfur Əliyev mübarizəyə ikinci mərhələdən (1/8 finaldan) başlayıb. Boksçumuz monqolustanlı İderhuu Enkhjarqnillə üz-üzə gəlib. Hər üç raundda qalib gələn boksçumuz növbəti mərhələyə vəsiqə qazanıb. Tayfur Əliyev 1/4 finalda irlandiyalı Maykl Konlanla qarşılaşacaq.
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunur ki, onların da arasında ən gənci məhz Tayfur Əliyevdir.
Ceyhun Məmmədov