İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Açılış mərasimində çıxış edən mərkəzin direktoru Ramin Talıbov və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bu yarışı keçirməkdə məqsədin məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq, onlarda üzgüçülük idman növünü inkişaf etdirmək, məktəbliləri sağlam həyat tərzinə uyğunlaşdırmaq olduğunu qeyd ediblər. İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2 yaş qrupunda 30-a yaxın idmançı iştirak edib və üzgüçülüyün sərbəst üsulu üzrə 25 və 50 metr məsafəni qət etməyə çalışıb. Nəticəyə əsasən, 50 metr məsafədə 1999-cu il təvəllüdlü idmançılar arasında Turan Məmmədov, 25 metr məsafədə 2000-ci il təvəllüdlü idmançılar arasında Vüqar Nəsirli bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.
Ceyhun MƏMMƏDOV