Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yüngül Atletika Federasiyası və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkil etdiyi 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Heydər Əliyev adına Hərbi Lisey kursantları arasında 5 kilometr məsafəyə kross qaçışı üzrə turnir başa çatıb.
200-dən çox kursantın iştirak etdiyi turniri keçirməkdə məqsəd muxtar respublikada kursantları bu növə cəlb etmək və Naxçıvanda yüngül atletika üzrə gənclərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək idi.
Naxçıvan şəhəri – Duzdağ Fizioterapiya Mərkəzinin magistral yolunda baş tutan turnirin yekun nəticəsinə əsasən, Qurban Abdullayev təyin edilən məsafəni hamıdan tez qət edərək qalib adını qazanıb. Cəfər Quliyev 2-ci, Nurəddin Buzoyev isə 3-cü pillədə qərarlaşıblar.
Turnirin mükafatlandırma mərasimində çıxış edən Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ölkəmizin ictimai-siyasi həyatında böyük dəyişikliklərin baş verməsinə səbəb olub. Şəhidlərin qanı bahasına qazandığımız müstəqilliyin möhkəmləndirilməsi, qorunub saxlanması üçün ulu öndərimiz Heydər Əliyev gecəli-gündüzlü yorulmadan çalışıb. İndi Azərbaycanın haqq səsi dünyanın hər yerindən eşidilməkdədir. Bu gün ümummilli liderin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Bütün sahələr kimi, idmanın inkişafı da diqqət mərkəzindədir. Muxtar respublikada idman sahəsinə böyük qayğı göstərilir.
Gənclər və idman naziri Azad Cabbarov tədbir itirakçılarını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. O, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində, dünyada tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu bildirib.
Vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də müstəqillik illərində təqdirəlayiq işlər həyata keçirilib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı ilə idman öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Elman Orucov müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklərdən, bu çətinliklərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun Məmmədov