Dünən Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr (2003-2005-ci il təvəllüdlü) arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsində 70-dən çox idmançı çıxış edib. Yarışın açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb.
Sonra federasiyanın sədr müavini Yaşar Səfərov çıxış edərək yarışın qaydaları haqqında iştirakçılara məlumat verib, onlara uğurlar arzulayıb.
Yarışın yekun nəticələrinə əsasən, Nicat Ocaqquliyev (23 kiloqram), Kamal Qasımzadə (26 kiloqram), Məhəmməd Salmanov (29 kiloqram), Mətləb Sarıyev (32 kiloqram), Mənsur Qafarlı (35 kiloqram), Heydər Heydərov (38 kiloqram), Raul Həmdiyev (42 kiloqram), Nurağa Əhmədov (47 kiloqram), Seyfəddin Cəfərov (50 kiloqram) və Qoşqar Süleymanov (+52 kiloqram) qalib adını qazanıblar.
Sonda bütün çəki dərəcələrində I, II və III yerləri tutmuş idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.
Ceyhun MƏMMƏDOV