22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində bu ali məktəbdə idmanın müxtəlif növlərinin inkişafına həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən rektor, professor Saleh Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı istiqamətində də müəyyənləşdirdiyi dövlət siyasəti tezliklə öz bəhrəsini verib, Azərbaycan idmançıları beynəlxalq çempionat və olimpiadalarda parlaq qələbələr qazanıblar. Azərbaycan gənclərinin fiziki sağlamlığına, hərbi-vətənpərvərlik ruhunda yetişməsinə və asudə vaxtlarının səmərəli təşkilinə bu gün də hərtərəfli dövlət qayğısı göstərilir, idman sahəsində ixtisaslı mütəxəssis hazırlığı daim diqqət mərkəzində saxlanılır. Rektor son yarışlarda qələbə qazanan idmançı tələbələri təbrik edərək gənclərin düzgün fiziki və mənəvi-psixoloji tərbiyəsində idmanın rolundan danışıb.

Fiziki tərbiyə və idman oyunları kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov çıxışında universitetdə digər sahələr kimi, gənclərin fiziki tərbiyəsinə də xüsusi əhəmiyyət verildiyini, güclü maddi-texniki baza yaradıldığını vurğulayıb. O, Naxçıvan Dövlət Universitetinin son bir ildə idman sahəsində qazandığı uğurlara nəzər salaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş idman yarışlarının, muxtar respublika birinciliklərinin qələbələrlə yaddaqalan olduğunu bildirib. Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol yarışlarında universitetin futbol komandası həm Naxçıvan Muxtar Respublika çempionatının qalibi, həm də Naxçıvan kubokunun sahibi olub. İdmançı tələbələr futbol, badminton, cüdo, sərbəst güləş, şahmat, atletika və digər idman növləri üzrə keçirilən respublika və muxtar respublika səviyyəli yarışlarda universiteti uğurla təmsil ediblər.
Məmmədəli Rəhimov bildirib ki, 2014-cü ildə ali məktəb tələbələrinin respublika çempionatında sərbəst güləş üzrə Röyal Nəbiyev və Sadiq Səfərov II, Ramid Yaqubov və Məmməd İbrahimov isə III yerləri qazanıblar. Cüdo yarışı üzrə Allahverdi Rəsulzadə də III yeri tutmağa müvəffəq olub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən velosiped yürüşü üzrə Naxçıvan Muxtar Respublikası açıq birinciliyində idmançı tələbələrimiz yüksək nəticələr göstərərək universiteti muxtar respublika birincisi edib, Malik Hənifəyev isə şəxsi birincilikdə qələbə qazanıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası ilə birgə təşkil etdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş qaydasız döyüş üzrə yarışda universiteti təmsil edən Kərim İsmayılov 70 kq çəki dərəcəsində ikinci yerə layiq görülüb. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş “Universiada-2014” pro­qramı çərçivəsində keçirilən idman yarışları da yaddaqalan olub. Naxçıvan Dövlət Universitetində gələcək nəslin fiziki tərbiyəsi, bədən tərbiyəsinin tədrisi ilə məşğul olacaq kadr hazırlığı bu gün də uğurla davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov velosiped yürüşü üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyində yüksək nəticələr göstərərək universitet komandasını muxtar respublika birincisi etmiş tələbələrə – Malik Hənifəyevə, Fərxan Orucova, Elgün Məmmədova, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən qaydasız döyüş üzrə yarışda 70 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülmüş Kərim İsmayılova diplom və hədiyyələr təqdim edib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR