Bu gün Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarış keçiriləcək.
23 ölkənin 200-dən artıq idmançısının mübarizə aparacağı yarış iyulun 8-nə kimi davam edəcək. Artıq dünya kubokunda iştirak edəcək idmançılar muxtar respublikaya gəliblər. Dünən iştirakçılar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bir çox tarixi abidəni ziyarət ediblər.
İlk olaraq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olan veteran idmançılar ardınca Nuh Peyğəmbərin məzarüstü türbəsi, Əcəmi Seyrəngahı, Açıq Səma Altında Muzey, Möminə xatın türbəsi və Duzdağ Fizioterapiya Mərkəzində də olublar.
Qeyd edək ki, bu gün dünya kuboku yarışının açılış mərasimi keçiriləcək.
Ceyhun MƏMMƏDOV