20 May 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında idmanın bütün sahələrinə olduğu kimi, güləşə də diqqət və qayğı yüksək səviyyədədir. Bunun nəticəsidir ki, idmançılarımız artıq ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq arenalarda da uğurla çıxış etməkdədirlər.
Bu günlərdə Serbiyanın paytaxtı Belqrad şəhərində veteran güləşçimiz Rövşən İsmayılxanlının qazandığı uğur Avropa mətbuatında böyük marağa səbəb olub. Yunan-Roma güləşi üzrə dünya birinciliyində Azərbaycan yığması da iştirak edib. Həmyerlimiz veteran güləşçi Rövşən İsmayılxanlı millimizin heyətində 130 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Hər il keçirilən dünya çempionatında mütəmadi iştirak edən R.İsmayılxanlı bizimlə söhbətində yarış təəssüratlarını bölüşdü: “Dünya çempionatının hər il keçirilməsi ənənə halını alıb və müxtəlif ölkələrdə təşkil olunmaqla Beynəlxalq Güləş Federasiyasının pro­qramına daxil edilmiş çempionatdır. Artıq 6-cı dəfə dünya çempionatında iştirak etdim. Ənənəvi çempionatda ilk medalımı 2011-ci ildə əldə etmişəm. O zaman Polşada keçirilən dünya birinciliyində bürünc mükafat qazanmışdım”.

Beynəlxalq Güləş Federasiyasının tədbirlər planına daxil olan dünya çempionatında veteran pəhləvanımız Rövşən İsmayılxanlı Bel­qrada yollanmazdan öncə millinin heyətində təlim-məşq toplanışı keçib: “Uzun illərdir, güləş üzrə milli komandanın üzvüyəm. Serbiyaya getməmişdən 20 gün öncə Bakıda təlim-məşq toplanışı keçdik. Ümumiyyətlə, hər belə turnirdən öncə yığma bir araya toplaşır və məşq prosesi keçirilir”.
R.İsmayılxanlı Serbiyanın paytaxtında keçirilən dünya birinciliyində 5-ci yerlə kifayətlənib. Yarış barədə məlumat verən veteran güləşçimiz bildirdi ki, dünya çempionatında 130 kiloqram çəki dərəcəsində mübarizə aparırdım və bu çəki dərəcəsində 18 pəhləvan qüvvəsini sınayırdı. İlk turda Türkiyə güləşçisi ilə üz-üzə gəldim və təmiz qələbə ilə rəqibimi məğlub etdim. Ardınca macar güləşçini məğlubiyyətə uğratdım. Finala gedən yolda isə rumın güləşçi ilə görüşdə zədələndim. Nəticədə, qarşılaşma yarımçıq dayandırıldı və 5-ci pillə ilə kifayətlənməli oldum. Növbəti çempionat Yunanıstanda təşkil olunacaq və bu birincilikdə də çıxış edib Azərbaycanı layiqincə təmsil edəcəyəm.
Qeyd edək ki, Rövşən İsmayılxanlının Belqraddakı uğuru yerli mətbuatın da diqqətindən kənarda qalmayıb. Belə ki, ölkənin, eləcə də Avropanın ən nüfuzlu idman nəşrlərindən olan “Sportski jurnal”ı idmançımızın uğurlu çıxışından sonra onun haqqında yazı dərc edib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR