Ötən mövsüm Azərbaycan I divizionunun qalibi olan və Premyer-Liqaya yüksələn “Araz-Naxçıvan” futbol komandası yeni mövsümün hazırlıqlarına start verib.
Şərur Olimpiya-İdman Kompleksində toplanan “qırmızı-ağlar” gündə iki dəfə olmaqla məşqlərini davam etdirirlər. Çempionluq sevinci yaşayan və bu uğuru Premyer-Liqada da davam etdirmək istəyən muxtar respublika təmsilçisi heyətinə də “əl gəzdirir”. İlk olaraq, qapıçı Emil Balayev və yarımmüdafiəçi Elmin Çobanov komandanı tərk ediblər. Bununla yanaşı, Əziz Hüseynov, İrfan Hüseynov, Fərman Qəmbərov və Ruslan Abıyevin də komanda ilə müqaviləsi başa çatıb. Müqaviləsi başa çatan bəzi futbolçuların komandada qalıb-qalmayacağına isə komandanın baş məşqçisi Əsgər Abdullayev qərar verəcək. Hələ ki, təlim-məşq toplanışının ilkin mərhələsində bu futbolçular sınaqdan keçirilirlər. Əgər onlar özlərini doğruldarlarsa, klubla müqavilələri uzadılacaq.
“Araz-Naxçıvan” düşərgəsinə yeni futbolçular da gətirilib. Onlar qarşıdakı bir həftə ərzində öz oyun bacarıqları ilə baş məşqçi Əsgər Abdullayevin diqqətini çəkməyə çalışacaqlar. Bu ayın sonunadək heyət tam olaraq formalaşacaq.
Qeyd edək ki, Premyer-Liqanın püşkatma mərasimi iyul ayının ortalarında keçiriləcək və bundan sonra “Araz-Naxçıvan”ın rəqiblərinin sıra ardıcıllığı bəlli olacaq.
Ceyhun MƏMMƏDOV