19 May 2024, Bazar

Futbol üzrə Topaz Premyer-Liqasının 5-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası doğma azarkeşləri önündə “İnter” futbol komandasını qəbul etdi.
Bu görüş komandamız üçün böyük əhəmiyyət kəsb edirdi. “Araz-Naxçıvan” üçün doğma azarkeşləri önündə oynamaq əlavə motivasiya yaratmışdı. Həmçinin komandamızın baş məşqçisi Əsgər Abdullayev heyətdə dəyişikliyə də əl atmışdı. Belə ki, müdafiə xətti bu dəfə Tural-Ruslan-Emin triosu ilə yanaşı, yeni oyunçu Aqil Nəbiyevə həvalə olunmuşdu. Bu kvartetin qarşısında isə Ramal Hüseynov və Elgiz Kərəmli rəqib hücumçuları dəf etmək üçün sədd qurmuşdu. Tərlan Xəlilovun yoxluğunda bu dəfə oyunqurucu funksiyasında meydana Eşqin Quliyev çıxmışdı. 10 nömrəli futbolçumuz hücum xəttində David və Bəxtiyarla yanaşı, Elmin Çobanova rəqib müdafiəsini yarmağa yardımçı olurdu.
“İnter” komandasına gəlincə, heyətində kifayət qədər təcrübəli legionerlər olan Bakı klubu cari mövsümdə yalnız “ev” oyunlarında rəqib qapısına yol tapa bilib. Belə ki, keçirilən 4 oyunda vurduğu 9 qolun hamısını “ev” oyunlarında vuran “İnter” səfərdə “Qarabağ”la heç-heçə etdiyi halda, “Xəzər Lənkəran”a məğlub olmuşdu.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən görüşə komandamız yaxşı başladı. İlk hissədə tablodakı sıfırları dəyişməyə yaxın olsaq da, bir qədər qeyri-dəqiqlik buna imkan vermədi. Əvəzində “İnter” futbol komandası ikinci hissəyə daha yaxşı başladı. Əvvəlcə Bacana Tsxadadze hesabı açdı. Ardınca qapıçıdan qayıdan topa hamıdan tez yetişən Coşqun Diniyev hesab arasındakı fərqi artırdı – 0:2. Ruslanın mükəmməl zərbəsi ilə hesabı minimuma endirən “Araz-Naxçıvan” (1:2) son 10 dəqiqədə rəqibin cərimə meydançasında lövbər saldı. Lakin əks-hücumda “İnter” Asif Məmmədovla daha bir dəfə fərqləndi və oyunu qalib kimi başa vurdu – 1:3.
Qeyd edək ki, “Araz-Naxçıvan” futbol komandası növbəti oyununu sentyabrın 20-də səfərdə “Xəzər-Lənkəran”a qarşı keçirəcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR