Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XIII Naxçıvan Muxtar Respublika çempionatının birinci dövrəsinə yekun vurulub. Çempionatda muxtar respublikanın bütün şəhər və rayonlarını təmsil edən 9 komanda mübarizə aparır.
Çempionatın ilk turlarından başlayaraq ötən çempionatın qalibi “Universitet”, mükafatçıları “Arpaçay” və “DİN FK” komandaları növbəti mövsümdə də çempionluğa iddialı olduqlarını təsdiq etməyə səy göstəriblər. Eyni zamanda Şahbuzun “Batabat”, Culfanın “Əlincə” və Babək rayonunun eyniadlı komandaları da güclü rəqiblərinə qarşı oyunlarda inamlı təsir bağışlayıblar. Xüsusilə “Batabat” komandasının “Universitet” komandası üzərindəki qələbəsi, “Əlincə” komandasının Şərurdan xalla qayıtması çempionatın nə qədər gərgin mübarizə şəraitində keçməsindən xəbər verir.
Birinci dövrənin yekun nəticələrinə görə, turnir cədvəlində üçhakimiyyətlilik hökm sürür. “Universitet”, “Arpaçay” və “DİN FK” komandaları 19 xalla ilk 3 pilləni bölüşüblər. Öz aralarındakı oyunları nəzərə alsaq, tələbələr daha yaxşı nəticə göstəriblər. Onlar cari mövsümə bir qədər inamsız başlasalar da, səkkizinci turda liderliyi ələ keçirə biliblər. “DİN FK” komandası isə səkkizinci tura qədər turnir cədvəlinə başçılıq edə bilsə də, son turlarda mövqeyini bir qədər zəiflədib və 3-cü pilləyə yuvarlanıb.
Cari mövsümün ilk dövrəsinə nəzər salsaq, azarkeşlər, ümumilikdə, 36 oyunun və 165 qolun şahidi olublar.
Ceyhun MƏMMƏDOV