22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş kişilər arasında keçirilən basketbol üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birincilikdə 8 komanda – “Naxçıvan”, Naxçıvan Özəl Universitetinin komandası, “Babək” və “Şərur”, “Ordubad”, “Culfa”, “Sədərək” və “Lokomotiv” – iki yarımqrupda mübarizə aparıb. Yarışın əsasnaməsinə görə, qruplarda ilk yerləri tutan komandalar finalda, ikinci yerlərin sahibləri isə üçüncülük üzrə matçda qarşı-qarşıya gəliblər.

İlk olaraq meydana üçüncülük uğrunda “Culfa” və Naxçıvan Özəl Universitetinin komandaları çıxıb. Səbəti daha sərrast hədəf alan culfalılar bu görüşdən qalib ayrılaraq üçüncülüklə kifayətləniblər. Final görüşü isə daha gərgin və maraqlı keçib. Həlledici qarşılaşmada “Naxçıvan” və “Ordubad” komandaları üz-üzə gəliblər. Oyun boyu üstünlüyü əldən verməyən Naxçıvan şəhərinin basketbolçuları meydanı qalib kimi tərk ediblər – 87:44.
Bununla, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş kişilər arasında basketbol üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Sonda qaliblərə diplom, fəxri fərman və hədiyyələr təqdim olunub. Qalib adını qazanan “Naxçıvan” komandası isə kubokla mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR