Bu günlərdə Bakı şəhərində keçirilən cüdo üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin respublika birinciliyinə yekun vurulub. Ölkənin 16 komandasının mübarizə apardığı birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası da iştirak edib.
Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinin rəisi Cavanşir Salayevin rəhbərliyi ilə 7 cüdoçudan ibarət komandamız muxtar respublikaya uğurlu nəticə ilə qayıdıb. Belə ki, birincilikdə Daxili İşlər Nazirliyinin komandası, ümumilikdə, 6 medal qazanıb ki, bunların biri qızıl, ikisi gümüş, üçü isə bürünc medal olub. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşad Həsənov bütün rəqiblərini məğlub edərək turnirin baş mükafatına layiq görülüb. Elşən Qasımov və Elvin Əliquliyev isə yarışın gümüş medal mükafatçıları olublar. 60 kiloqram çəki dərəcəsində Qartal Əliyev, 66 kiloqramda Mahir Babayev və 100 kiloqramda Kamil Salayevin qazandıqları medalın əyarı bürünc olub.
Bu nəticədən sonra qazandığı medalların sayına görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası 6 medalla birinciliyi üçüncü yerdə başa vurub.
Yarışın sonunda qaliblərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin diplomları, kubok və qiymətli hədiyyələri təqdim olunub.
Ceyhun MƏMMƏDOV