9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhərindəki ümumtəhsil məktəbləri arasında oğlanlardan ibarət yüngül atletika üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın qaydaları barədə məlumat verib. Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev iştirakçılara uğurlar arzulayıb.
Reqlamentə əsasən, məktəbli yüngül atletlər 100, 200, 400, 800 və 1500 metr məsafədə güclərini sınayıblar. 80 idmançının mübarizə apardığı birincilikdə, ümumilikdə, 16 komanda çıxış edib. Beynəlxalq atletika qaydalarına uyğun olaraq keçirilən yarışın yekun nəticələrinə əsasən, İsmayıl Haqverdiyev (100 m), Kamil Haqverdiyev (200 m), Əli Tağıyev (400 m), Cavidan Vəliyev (800 m) və Səbuhi Tağıyev (1500 m) birinciliyin qalibi adını qazanıblar.
Komanda hesabında isə 9 nömrəli tam orta məktəb birinciliyin qalibi olub. Digər iki pillədə isə 5 nömrəli tam orta məktəblə 12 nömrəli tam orta məktəb qərarlaşıb.
Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin diplomları təqdim olunub.
Ceyhun MƏMMƏDOV