Ordubad rayonunda “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Uşaq-gənclər idman məktəbinin birgə təşkil etdiyi birincilikdə 38 güləşçi 8 çəki dərəcəsində qüvvəsini sınayıb. Yarışın yekun nəticələrinə görə, Sezər Ömər (32 kq), Məhərrəm Vəliyev (35 kq), Məğrur Quliyev (38 kq), Behrud Məhərrəmov (42 kq), Nihad Qasımov (50 kq), İsfəndiyar Məhərrəmov (55 kq), İsi Alıyev (60 kq) və Elcan Məmmədli (66 kq) öz çəki dərəcələrindəki bütün rəqiblərini məğlub edərək yarışın qalibi adını qazanıblar.
Sonda təşkilatçılar tərəfindən qalib güləşçilərə diplomlar təqdim olunub.
Ceyhun MƏMMƏDOV