Naxçıvan Dövlət Universitetinin idman zalında keçirilən daha bir turnir dünən başa çatıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkil etdiyi turnir 10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsinə həsr edilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən turnir gərgin mübarizə ilə yadda qalıb.
Yarışın yekun nəticələrinə əsasən, daha baxımlı oyun nümayiş etdirən Naxçıvan Dövlət Universitetinin komandası turnirin qalibi adını qazanıb. Onlar finalda Naxçıvan Musiqi Kollecinin komandasını məğlub ediblər. Naxçıvan Özəl Universitetinin komandası isə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, qalib komandalar noyabr ayının 17-də Gənclər Mərkəzində keçirilən mərasimdə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Xəbərlər şöbəsi